AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
ABŞ-İran Gərginliyində Türkiyənin Vasitəçiliyi
22.07.2008

www.araztm.az
ABŞ ilə İran arasındakı nüvə problemi ilə əlaqədar son dövrlərdə iki maraqlı məqam müşahidə edilməkdədir. Bunlardan biri məsələ ilə bağlı müharibə ssenarilərinin artdığı bir vaxtda müzakirələrin yenidən başlaması, digəri isə danışıqlar prosesinə Türkiyənin ABŞ ilə İran arasındakı vasitəçi kimi tövhəsini verməsinin gündəmə gəlməsi oldu.
İyulun 16-da Türkiyənin Xarici İşlər Naziri Ali Babacan bu ölkənin nüfuzlu NTV kanalına verdiyi müsahibəsində Avropa Birliyi Xarici Siyasət və Təhlükəsizlik Yüksək Komisarı Havyer Solananın rəhbərliyində 6 ölkənin İrana yeni paket təklif etdiyini və İranla yeni müzakirələr mərhələsinin yaranmağa başladığını qeyd etmişdir. Babacan müsahibəsində, həm İranın, həm də paketi hazırlayan ölkələrin “Türkiyənin də bu prosesin içində olmasını yüksək səviyyədə arzuladıklarını” açıqlamış və bu istəyə müsbət cavab verdiklərini vurğulamışdır.
Türkiyəyə səfərə gələn ABŞ Prezidenti Corc Buşun Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Stefen Hedli iyulun 17-də Babacan və Baş Nazir Erdoğan ilə keçirdiyi görüşlərdə digər məsələlərlə yanaşı İran mövzusunu da müzakirə etdi. Mətbuat Hedlinin İrana Türkiyə vasitəsi ilə mesaj göndərdiyini yazdı.
Eyni gün axşam Ankaraya işgüzar səfərə gələn İran Xarici İşlər Naziri Manuçer Muttaki Ali Babacan ilə görüşdü. Tərəflər iyulun 18-də isə görüşün nəticələri ilə bağlı keçirdikləri mətbuat konfransında İranın nüvə proqramını geniş müzakirə etdiklərini açıqladılar. Ali Babacan mətbuat konfransında, həm Türkiyənin ABŞ-la İran arasındakı “mesaj ötürülməsi prosesində” vasitəçilik etdiyini dolaylı da olsa təsdiqlədi, həm də İran ilə müzakirələrin yenidən başlaması istiqamətindəki son iki aylıq səyləri Türkiyənin tam dəstəklədiyini, xüsusilə son 10 gündə bir çox xarici dövlətin nümayəndəsi ilə bu istiqamətdə fərdi müzakirələr apardığını açıqladı. Babacanın xüsusiylə vurğuladığı məqam isə bir növ nüvə təsislərini beynəlxalq nəzarətə açması üçün İrana mesaj idi: “Biz hər bir ölkənin dinc məqsədli nüvə texnologiyasına sahib olma haqqının tanınmasına tərəfdarıq. Amma regionda nüvə silahına da qarşıyıq”.

İran Xarici İşlər Naziri görüşün nəticələrini yüksək qiymətləndirdi və son dövrlərdə ilk dəfə danışıqlar prosesi ilə bağlı optimist danışdı. Muttaki, mövqeyi ilə əlaqədar Türkiyəyə xüsusi təşəkkür etdi. Iranın Türkiyədən razılığı sadəcə Mottakinin mövqeyi ilə məhdudlaşmadı. Mövzu ilə əlaqədar müəyyən sərhədlər daxilində yazılar yazan İran mətbuatı da Türkiyənin vasitəçiliyindən razılıqla bəhs etdi.
İyulun 19-da Cenevrədə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa) və Almaniyadan ibarət altıların təklif etdiyi paket İrana rəsmi şəkildə təklif edildi. Cenevrədəki müzakirələr başlayana qədər isə artıq Ali Babacan, Muttaki ilə görüşün nəticələrini ABŞ Xarici İşlər Naziri (Dövlət Katibi) Kondaliza Rays, Almaniyanın Xarici İşlər Naziri Frank Valter Ştenmayer və Havyer Solana ilə telefon danışıqlarında müzakirə etmişdi.
ABŞ-ı müzakirələrdə Xarici İşlər Nazirinin Müavini Vilyam Börns təmsil etdi. ABŞ-ın müzakirələrdə bu qədər yüksək formada təmsil olunması, 1979-cu ildən sonra ilk dəfə ABŞ və İranın yüksək səviyyəli qarşılıqlı müzakirələr aparmasını gündəmə gətirdi. ABŞ, bunun birbaşa müzakirələr olmadığına diqqət çəksə də, ümumi mahiyyət bir qədər fərqliydi.
Cenevrədəki görüşdə İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının sədri və nüvə məsələləri üzrə baş müzakirəçisi Səid Cəliliyə təxminən “dondur-dondur” şəklində ifadə oluna biləcək variant təklif edildi. Təklifə görə İran 6 həftəliyinə uranın zənginləşdirilməsi proqramını dayandırır (dondurur). Bunun əvəzində İrana qarşı yeni sanksiyaların tətbiqi müzakirələrdən çıxarılır. 6 həftədən soinra isə tərəflər ortaq mövqeyə doğru daha əsaslı addımları müzakirə edirlər. Cəlili təklifə birbaşa cavab vermədi və müzakirələrə 2 həftə fasilə verildi. 6-lar, əgər İran bu təklifə müsbət cavab verməsə, yeni sanksiyaların təcili surətdə tətbiqi üçün addımlar atılacağının da siqnallarını verdilər. 2 həftədən sonra İranın cavabının necə olacağını demək çətindir. Amma, mövqelərin bir-birinə həddindən artıq uzaq olduğu bir vaxtda İranın bu təklifə “hə” deməsi çox çətin görünür. Mövcud şərtlər daxilində İranın 2 həftə sonrakı cavabı “hə” olsa, bu çox güman ki İranın ciddi manevr planından qaynaqlanacaq.
İranın baş müzakirəçisi Cəlilinin iyulun 20-də Cenevrədən qayıdarkən, İstanbulda Türkiyənin Xarici İşlər Naziri Ali Babacan ilə görüşməsi və uzun müzakirələr aparması, Türkiyənin bu məsələdəki rolunun ciddiliyinin başqa bir işarəsi olmuşdur. Babacan bu müzakirədən sonra verdiyi bəyanatda da bölgədə nüvə silahına sahib olma səylərinə qarşı olduqlarını təkrar vurğulamışdır.
Göründüyü kimi, həm İranın nüvə proqramı ilə bağlı yaranan problemin həlli, həm də bu prosesdə Türkiyənin xüsusi rolu ilə bağlı maraqlı məqamlar yaranır. Bunun müxtəlif səbəbləri var. Əvvəla, Türkiyənin bölgəsəl liderlik rolunu kürəsəl səviyyəli problemlərin həllində (İsrail-Fələstin münaqişəsində, İsrail ilə Suriya arasında hələ ki uğurlu görünən missiyası) vasitəçılık edərək gücləndirmə səyləri onsuz da var idi. Türkiyə son dövrlərdə ən vacib kürəsəl məsələlərdən hesab olunan “ABŞ-İran nüvə problemi”ndə də vasitəçi olmaqla bu istiqamətdə ciddi bir addım daha atdı. Türkiyə, eyni zamanda qonşusu ilə bağlı prosesləri mümkün qədər nəzarətində saxlayaraq, prosesin gedişatından minimum zərərlə, maksimum faydayla çıxmağa çalışır.
ABŞ hakimiyyətində indiki mərhələdə məsələnin İranı sıxışdıraraq həllinə dair inamın azalması, danışıqların bütün vasitələrindən istifadə edilməsi fikrinin tərəfdarlarının artmasına səbəb olur. Buşa yaxın şəxslər belə Şimali Koreya ilə bağlı prosesi nümunə göstərərək danışıqlardan sonuna qədər istifadə edilməsinin vacibliyini və bu yolla nəticə əldə edilməsinin mümkünlüyünü qeyd edirlər. Diplomatik yollardan maksimum istifadə olunması İranı nüvə fəaliyyətindən çəkindirməsə belə, həm də ABŞ və/və ya İsrail tərəfindən İrana ediləcək mümkün hücuma qarşı beynəlxalq etirazı azaltmaq və dəstəyi artırmaq məqsədini daşıyır.
ABŞ beynəlxalq səviyyəli sanksiyaların gücləndirilməsi, İsrailin Aralıq dənizində keçirdiyi və İrana hücuma hazırlıq məqsədi daşıdığı iddia olunan hərbi təlimlər, mətbuatda tez-tez yazılan “İrana hücum” ssenariləri ilə İrana təkliflərllə razılaşmayacağı təqdirdə işi hara qədər aparacağını (“kötəyi”) bir qədər də açıq formada göstərdi. İndi “kötəyi” görmüş olan İrana hələ görmədiyi “yeni kötəklər olduğu barədə də mesajlar vermək” və “kökəni” göstərmək məqamıdır. Həm Cenevrədəki danışıqlar, həm də Türkiyənin vasitəçiliyi ABŞ üçün çox güman ki, bu mənada əhəmiyyətlidir.   

Populyar xəbərlər