AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
İranda inqilab ehtimalı nə dərəcədə realdır?
22.02.2011, Afrika

 

 www.araztm.org
İranda hakimiyyət əleyhinə etirazlar davam edir. Tehranda və bir neçə şəhərdə etiraz dalğaları yüksəlir. Amma İranda baş verən etiraz aksiyası hələdə kütləviləşməyib. Hətta, etiraz dalğasının getdikcə azalmağa başladığı müşahidə edilməkdədir. 
 
Hakimiyyətin əhaliyə qarşı sərt münasibəti və etiraz aksiyalarını güc istifadə edərək yatırtmaq cəhdləri, müxalif liderlərə təzyiqlərin artması, mühafizəkar qrup içində təhlükə zamanı birliyin möhkəmlənməsi və əhalinin çox hissəsinin müxalifətin indiki liderlərinə inanmaması etiraz aksiyaların genişlənməsinə mane olan amillərdən bəziləridir. Bundan əlavə “Yaşıl hərəkat” əhalinin bütün təbəqələrinin və etnik qruplarının tələblərinə cavab verməyən bir cərəyandır. Bu səbəbdən geniş kütlələrin bu aksiyalara qatılmsı imkansız görünür.
 
Hadisələrə şiddətli müdaxilə
 
Tehranda aksiyalara polislə bərabər İnqilab Qvardiyasının əsgərləri və fanatik Bəsicilər də ciddi müdaxilə edir. Polisin hadisələr zamanı ciddi reaksiya göstərəməməsi və İnqilab qvardiyasının əsgərlərinin də mitinqlərdə təcrübəsizliyini nəzərə alsaq, Bəsicilər aksiyaların yatırdılmasında ciddi əhəmiyyətə malik olan bir qüvvədirlər. Onlar hər hansı bir aksiya zamanı əhaliyə hücum edir və qəddarcasına əhaliyə divan tuturlar. Onlar heç bir qanuni maneəni nəzərə almadan qadın, yaşlı və uşaq demədən qarşılarına çıxana güc tətbiq edirlər. Bəsicilər bir çox hallada motosikltlərlə əllərində isti və soyuq silahla aksiya iştirakçılına hücum edirlər. Beləliklə onlar müxalif qüvvələrin kabusuna çevriliblər. 
 
Liderlərə qarşı təzyiqlə atır
 
Hökumət tərəfdarları fevralın 21-də axşam saatlarında Kərrubinin evinə hücum edib və onun ailəsi ilə yaşadığı mənzilə iki ədəd səs qumbarası atıblar. Qumbaranın partlama səsi nəticəsində Kərrubinin evinin şüşələri sınıb və qonşu evlərin sakinləri ciddi şəkildə qorxuya düşüblər. Kərrubinin evi iki həftədir ki, təhlükəsizlik qüvvələrinin mühasirəsindədir və mənzilə gedən yollar ciddi şəkildə polisin nəzarətindədir. Aydındır ki, fanatik bəsicilərin bu əməlləri yalnız təhlükəsizlik qüvvələrin şərait yaratması nəticəsində baş tuta bilər. Bu gün isə artıq Kərrubinin həyat yoldaşının və oğlunun həbs olunduğu bildirilir.
 
Bundan əvvəl də fanatik bəsicilər Kərrubinin və Musəvinin evlərinə hücum edib və divarlarına onların əleyhinə şüarlar yazırdılar. Kərrubi dəfələrlə fiziki hücumlara məruz qalıb. Qeyd edək ki, hökumət Musəvi və Kərrubini evlərində dustaq edib və onların telefon və internet əlaqələrini də kəsib.  Beləliklə müxalif liderlərin öz tərəfdarları ilə əlaqə yaratmasına imkan verilmir.
 
Mühafizəkarların ittifaqı
 
Mühafizəkar qrup içərisində ixtilaflar dərinləşsə də onlar müxaliflərin etiraz aksiyaları qarşısında birləşib və vahid mövqe tutmağı bacarırlar. Parlament və prezident arasındakı bütün problemlərə baxmayaraq artıq hər iki qüvvə müxaliflərin əleyhinə vahid mövqe tutub. Parlamentdə müxalif liderlərin edam olunma tələbi və İran hakimiyyətinin bütün mühüm şəxsiyyətlərinin müxaliflərin əleyhinə bəyanat veməsi mühafizəkar qrupun müttəhid olduğunu göstərir.
 
Liderlərə qarşı inamsızlıq
 
Müxalif liderlərin əksəriyyəti inqilabdan sonrakı dönəmdə hakimiyyətdə olan insanlardır. Əhalinin gənc nəsli görməsə də indiki orta və yaşlı nəsil inqilabı və inqilabdan sonrakı dönəmin bütün acılarını yaşamış və hiss etmişdir. İnqilabdan sonrakı kütləvi edamları və əhaliyə divan tutan yeni inqilabçı məmurları orta və yaşlı təbəqə hələ də unutmayıb. İranda elə bir ailə tapılmaz ki, İran inqilabı dövründə siyasi fəallıq nümayiş etdirməmiş və bunun nəticəsinə ailə üzvlərindən ən az bir nəfəri inqilabdan sonra edam ya həbs edilmiş olmasın. İnqilabdan sonra müharibə illərində yoxsulluğun artması, ərzaq çatışmamazlığı və bütün fəlakətləri görən insanlar indi o dövrün liderlərinə inana bilmir. O dövrün liderleri indi islahatdan danışsa belə onların hakimiyyətini görənlər belə cümlələri gülünc qəbul edir.
 
Hazırda hakimiyyətin müxaliflərindən olan Təbriz məhkəmə başqanı Musəvi Təbrizi inqilabdan sonra bu şəhərdə o qədər faciələr yaratmışdı ki, o, Təbrizlilərin ən çox nifrət etdiyi insana çevrilmişdi. Digər bir numunə isə Xəlxalinin oğlunun indi islahatçıların cərgəsində olmasıdır. Halbu ki, ata Xəlxali inqilabdan sonra Xomeyni tərəfindən hakimi-şəriət  (baş prokuror) təyin edilmişdı. Onun şəxsən özünün edam etdiyi insanların sayı yüzlərlə idi. Başqa bir məqam isə edamların əksəriyyətinin Musəvinin baş nazir olduğu zamanda baş verməsidir. Bu səbəbdən onun özünə belə inam kifayət dərəcədə azdır.
 
“Yaşıl hərəkat” xalqın bütün tələblərinə cavab vermir
 
Tehranda son prezident seçkilərindən sonra başlayan etirazlar paytaxt və bir sıra mərkəzi şəhərlərdə məhdud aksiyalara çevrildi. “Yaşıl hərəkat” adlandırılan bu cərəyan İranda hakimiyyətə qarşı bütün narazılıqlara baxmayaraq, genişlənmədi. Əksinə günü-gündən onun gücü azalmağa başladı. Bu hərəkatın əsas şüarı “mənim səsim hardadır” idi və sonralar isə məhdud azadlıqlar tələbi oldu.
 
Bütün bunlara baxmayaraq, əhalinin əsas tələbləri irəli sürülməyib. “Yaşıl hərəkat” indiki hakimiyyətdən fərqli xarici siyasət, iqtisadi və ya sosial siyasət planları vəd etmir. Hakimiyyətin formasının dəyişdirilməsini də istəmir. İslam respublikası quruluşunu olduğu kimi saxlamaq şərti ilə icra strukturunu dəyişmək niyyətindədirlər. Bu isə əksəriyyət tərəfindən yalnız hakimiyyət uğrunda mübarizə kimi görünür.
 
İndiyə qədər yaşıl hərəkatı liderləri İranda başqa millətlərin hüquqları barədə danışmayıb və ya onlarla müzakirələr aparmayıb. Bu da haqlı olaraq İran əhalisinin yarısından çoxunu təşkil edən qeyri-fars millətlərin bu cərəyana qatılmamasına səbəb olub.
 
Yaşıl hərəkat bütün şüarları ilə İran İslam İnqilabının davamçılarının hakimiyyət uğrunda mübarizəsinin təzahürüdür. Gendəmə gətirilən bütün şüarlar və hətta uslub İran inqilabında olan şüar və üslubdur. Sınanmış düşüncə tərzinin ikinci dəfə mübarizədə qələbə çalması qeyri-mümkün haldir. “Yaşıl hərəkat 2 yeni liderlərlə və ya yeni iddialarla ozünü göstərməsə xalqın dəstəyi və hakimiyyəti əldə edə bilməyəcək. Bu qrup hakimiyyətə gəlsə belə İranda böyük dəyişikliklərin olacağına inanmaq sadəcə sadəlövhlükdür. Amma İran xalqı regionda digər xalqlardan fəqli olaraq hələ də nəsə etmək üçün lider axtarışındadır.
 
Bütün bunlar Yaxın Şərq regionunda başlayan xalq hərəkatı dalğasının İranda qısa müddətdə ciddi dəyişiklik yaratması ehtimalını zəiflədir. Amma bütün hallarda illərdir yığılıb qalmış sosial, siyasi, iqtisadi, hüquqi, etnik və digər problemlər İranı ani dəyişiklik ehtimalından tam sığortalamır.
Populyar xəbərlər