AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
QLOBAL SİYASƏTDƏ QAFQAZ: 22 İL ƏVVƏL VƏ İNDİ
20.05.2013, Araz ASLANLI, Qafqaz

Araz ASLANLI

Giriş

Bakı, Yerevan və Tiflis mərkəzli dövlətlər tarixin heç bir mərhələsində qlobal proseslərin iddialı oyunçuları olmamışdılar. Xüsusilə müasir beynəlxalq münasibətlər sisteminin formalaşdığı mərhələlərdə (əsasən 1-ci və 2-ci dünya müharibələrindən sonrakı mərhələlər) isə bir yandan Rusiyanın “iştahası”, digər yandan isə regional və qlobal şəraitin bu “iştaha”nın qarşısını alacaq gücdə olmaması Cənubi Qafqaz respublikalarının hətta müstəqil dövlət kimi varlıqlarını davam etdirmələrinə belə imkan verməmişdir. Beləliklə Azərbaycan, Ermənistan və Gürcüstan müasir beynəlxalq münasibətlər sistemində sadəcə SSRİ-nin dağılması ilə öz yerlərini ala bilmişdir.    

Digər tərəfdən “soyuq müharibə”nin başa çatması ilə Cənubi Qafqaz bir anda regional və qlobal güc mübarizələrinin əsas sahələrindən birinə çevrilmişdir. Müstəqilliyin əslində nə olduğunu tam olaraq anlamağa imkan tapmadan onu qorumağa çalışan gənc dövlətlər, eyni zamanda daxili siyasi-hərbi proseslərlə və ondan da vacibi (Azərbaycan və Gürcüstan nümunəsində) ərazi bütövlüyü problemi ilə qarşı-qarşıya idilər.

Cənubi Qafqaz baxımından 1990-cı illərin əvvəlləri müstəqilliyi və daxili sabitliyi qorumaq, etnik münaqişələr, enerji müqavilələri, “Rusiyaya qarşı vahid Qafqaz, yoxsa Qafqazdaxili müharibə” sualına cavab axtarışı, Qərb-Rusiya rəqabəti və s. ilə yadda qalmışdır.

2000-ci illərdə isə region baxımından iki vacib hadisə əhəmiyyətli rola malik olmuşdur. Bunlardan biri 11 sentyabr hadisələri, digəri isə 2008-ci ilin avqust hadisələri idi. 11 sentyabr hadisələrindən abu-havası ilə “hər yerə və istədiyi şəkildə” müdaxilə edən Amerika Birləşmiş Ştatlarının (ABŞ) təsir imkanları (müəyyən dərəcədə də nüfuzu) bu regionda da artmışdır. ABŞ tərəfindən gündəmə gətirilən və uzun müddət haqqında danışılan “Böyük Orta Şərq” layihəsində Cənubi Qafqaza da yer verildiyinə dair iddialar dünyanı yenidən şəkilləndirmə arzusunda olan bu dövlətin bölgəyə xüsusi əhəmiyyət verdiyinin başlıca göstəricilərindən biri olmuşdur. ABŞ dünyaya yeni bir istiqamət verməyə və bu yöndə Cənubi Qafqazda mövqelərini gücləndirməyə çalışarkən, digər güclər də bir tərəfdən öz məqsədləri üçün bölgə ölkələri ilə əlaqələrini inkişaf etdirməyə, digər tərəfdən isə ABŞ-ın və başqa rəqiblərinin bölgəyə yerləşməsinə mane olmağa çalışmaqdır. 2008-ci ilin avqust hadisələri isə o vaxta qədər, əsasən, ABŞ lehinə gedən prosesi müəyyən dərəcədə əksinə çevirmişdir. Bölgədə Rusiyanın təsiri və imkanları artmış, ABŞ-ın mövqeyi bir qədər, nüfuzu isə xeyli dərəcədə zərər görmüşdür. 

 

İkiqütblü beynəlxalq sistemin sonu və yeni mübarizə sahələri

1980-ci illərin ikinci yarısı dünya siyasətində əhəmiyyətli dəyişikliklərin meydana gəldiyi bir dövr olmuşdur. Soyuq müharibənin hakim olduğu ikiqütblü dünya sistemi məhz bu illərdə gedən proseslər nəticəsində ortadan qalxmışdır. Soyuq müharibə dövründə güc mübarizəsi ABŞ liderliyindəki Qərb bloku (NATO) ilə SSRİ-nin liderlik etdiyi Şərq bloku (Varşava Paktı) arasında gedirdi. Dövlətlərin əksəriyyəti ya bu bloklardan birinin üzvü, ya da müttəfiqi olmaq məcburiyyətində idilər. Digərləri isə əsasən bu böyük güclərin mübarizə sahəsini təşkil edirdilər. Bu dövrdə “Sovet (kommunist) təhlükəsi”, ya da “ABŞ imperializmi” dövlətləri seçimlərinə görə bir qütbdə iştirak etməyə məcbur edirdi. Hətta aralarında çox ciddi müharibələr yaşanmış dövlətlər belə bu “təhlükələr” səbəbindən eyni blok içərisində rahatlıqla yer ala bilirdilər.

İkiqütblü beynəlxalq sistemin qütblərindən birinin mərkəzi olan SSRİ-nin dağılmasına paralel olaraq bir tərəfdən doğulmaqda olan yeni boşluqlar üçün güc mübarizəsi, digər tərəfdən isə müstəqillik əldə etməyə çalışan ölkələr içərisində və arasında etnik problemlər yaşanmağa başlamışdı. Bu mərhələdə hətta eyni blokda görünən və ya əvvəllər müttəfiq olaraq bilinən dövlətlər arasında belə problemlərin ortaya çıxması diqqətçəkici bir nüans idi. Məsələn, Soyuq Müharibə dövründə eyni qütbü təşkil etdikləri halda yeni mərhələdə ABŞ-ın, Fransa və Almaniyanın liderlik etməyə çalışdığı Avropa Birliyinin (AB) və Yaponiyanın ayrı güc mərkəzləri kimi çıxış etməyə başlaması; bunlardan əlavə Rusiyanın, Çinin, qismən Türkiyənin və İranın onsuz da mövcud olan mübarizələrini davam etdirmələri regional və qlobal mübarizənin mürəkkəbləşməsinə səbəb olmuşdur. Bu mərhələdə həm qlobal supergüc olan ABŞ, həm qlobal güc olmağa çalışan Rusiya, Çin, AB kimi regional güclər, həm də regional güc mövqelərini möhkəmləndirməyə çalışan, daha sonra, bəlkə də, qlobal güc iddiasında olacaq olan Türkiyə və İran Avrasiyadakı hədəflərinə çatmaq üçün müxtəlif strategiyalar ortaya qoyurdular (müəyyən mərhələdən sonra bunlara xüsusilə enerji maraqları və İranla münasibətlər konteksində İsrail də əlavə olunmuşdur). Bu strategiyalar, xüsusilə, Avrasiyada ortaya çıxmış yeni müstəqil dövlətlərə və bu dövlətlərlə bağlı özünəməxsus strategiyalar həyata keçirməyə çalışan “rəqib dövlətlərə” istiqamətlənmişdir. Tək qlobal supergüc olan ABŞ-ın, bir çox regional gücün və regional güc namizədlərinin yer aldığı bu mübarizədə fərqli mərhələlərdə müxtəlif yaxınlaşmalar və ittifaqlar baş tutmuşdur.

SSRİ-nin dağılması ilə Cənub Qafqazda üç yeni dövlət - Azərbaycan, Ermənistan və Gürcüstan ortaya çıxmışdır. Bölgə üçün mübarizə aparan güclər bəzən onlara ayrı-ayrılıqda baxaraq, aralarındakı problemlərdən faydalanmağa çalışmış, bəzən isə Cənubi Qafqazı bütün olaraq görüb, bu istiqamətdə strategiyalar müəyyənləşdirərək tətbiq etməyə çalışmışlar.

 

Niyə Cənubi Qafqaz?

Bəs ümumən götürdükdə Qafqaz, xüsusi halda isə Cənubi Qafqaz niyə bu qədər maraq dairəsində idi?

Çünki Cənubi Qafqaz bölgəsi ABŞ başda olmaqla Qərb dünyası, Rusiya, Türkiyə, İran, Çin və digər dövlətlər üçün onların strateji məqsədləri istiqamətində böyük əhəmiyyət daşımaqda idi. Aşağıda sıra ilə bu bölgə uğrunda mübarizə aparan fəal qüvvələrin hər biri baxımından bölgənin onlar üçün daşıdığı əhəmiyyət ifadə edilmişdir.

Ümumiyyətlə, Qərb, xüsusilə də ABŞ baxımından:

1) Təhdid (və təhlükə mənbəyi) olaraq qəbul edilən Rusiyanı çevrələmək  (əhatəyə almaq);

2)  Təhdid mənbəyi olaraq qəbul edilən İranı çevrələmək;

3)  Bölgədəki təbii ehtiyatları sahiblənmək, neft-qaz yataqları ilə bağlı müqavilələrdə iştirak etmək (həm strateji maraqlar, həm də iqtisadi/ticari səbəblər);

4)  Bölgədəki təbii ehtiyatların beynəlxalq bazarlara çıxarılmasını etibarlı bir şəkildə təmin etmək (beləcə həm alternativ təbii ehtiyatlara sahib ola bilmək, həm də bölgə dövlətləri üçün ixrac yolu müxtəlifliyi yaratmaq - siyasi maraqlar);

5)  Alternativ bazar olaraq istifadə etmək;

6) Təhlükəsizlik (“terror əleyhinə fəaliyyətlər”) və digər qlobal siyasətlərində əsas, eyni zamanda bu məqsədlər istiqamətində Türküstana (Orta Asiyaya) çıxış qismində körpü kimi istifadə etmək (belə ki, Türküstan bölgəsi Qərbin rəqibləri/düşmənləri olan Rusiyanı cənubdan, İranı şərqdən, Çini şimal-qərbdən çevrələmək baxımından da əhəmiyyət daşımaqdadır. Başqa bir baxış bucağıyla isə Türküstan dörd fərqli inancı təmsil edən nüvə dövlətlərinin - Rusiyanın, Çinin, Hindistanın və Pakistanın ortasında yerləşən bölgə olması baxımından ciddi əhəmiyyət daşıyır).

Rusiya baxımından:

1)  Cənuba (yayılmaq strategiyalarında Hind okeanına) enmək üçün qısa bir yola qovuşmaq, eyni zamanda bölgəni nəzarətdə saxlayaraq qlobal güc olmaq iddialarını qüvvətləndirmək;

2)  Şimal-şərqə/şərqə yönəlmə səyləri olan İran və Türkiyəni, eyni zamanda bu iki ölkə üzərindən Rusiya sərhədlərinə yaxınlaşmağa çalışan digər dövlətləri sərhədlərindən uzaqda tutmağa çalışmaq;

3)   Cənub bölgələrindəki (Şimali Qafqazdakı) etnik qrupların ayrılmaq təşəbbüslərini məhdudlaşdırmaq (son nəticədə tamamilə aradan qaldırmaq), beləcə ərazi bütövlüyü mövzusundakı narahatlıqları azaltmaq (bitirmək);

4)  Dünya bazarına alternativ təbii ehtiyatların çıxarılmasına mane olmaq, ya da heç olmasa bu prosesi məhdudlaşdırmaq; beləcə həm bu cür ehtiyatların alıcısı olan dövlətlərin Rusiyadan asılılığını mümkün olduğu qədər qoruyub saxlamaq, həm də yeni dövlətlərin müstəqilliklərini möhkəmləndirmələrinə mane olmaq;

5)   Qərbin, xüsusilə də ABŞ-ın bu bölgə üzərindən Türküstana çıxmaq imkanını məhdudlaşdırmaq;

6)   Qafqaz bölgəsinin Xəzər və Qara dəniz ətrafı üçün sahib olduğu strateji mövqe səbəbiylə Rusiya baxımından onu itirmək digər iki bölgənin itirilməsinə də səbəb ola bilər;

7)   Qafqaz bölgəsindəki hərbi mövcudluğu Rusiya baxımından onun qlobal rolu üçün əhəmiyyət daşıyır;

8)  Rusiyanın imperatorluq keçmişi və qlobal güc olmaq hədəfi ilə bağlı psixoloji məqam da bu ölkənin Cənubi Qafqazı nəzarətdə saxlamaq təşəbbüslərinin motivasiya mənbələri arasındadır.          

Türkiyə baxımından:

Soyuq müharibənin başa çatdığı mərhələdə Türkiyənin Qafqaz bölgəsi ilə bağlı mənfəətlərində Qərb ilə ortaq məqamlar daha çox olmuş, fəqət 2000-ci illərdə bu istiqamətdə bir qədər azalma baş vermişdir. Yenə də Türkiyənin bu bölgəyə dair maraqları baxımından Qərb və xüsusilə ABŞ-ın mənfəətləri ilə ortaq nöqtələrə bunlar da əlavə oluna bilər:

1)  Soyuq müharibədən dərhal sonra rəsmi olaraq elan edilməsə də, yaxın ətraf doktrinası tətbiq etmək. Qeyd edək ki, Əhməd Davudoğlunun xarici işlər naziri olduğu dövrdə bu barədə daha açıq rəsmi mövqe ortaya qoyulmuşdur;

2) Ermənistanın timsalında bölgə ölkələrindən, xüsusilə Rusiya, İran və Çin kimi bölgə ölkələri üzərindən özünə istiqamətlənə biləcək təhlükə və təhdidləri məhdudlaşdırmaq;

3)  Yaxşı qonşuluq əlaqələri və mümkün olduğu qədər strateji ortaqlıqlar qurmaq;

4) Bölgədəki təbii ehtiyatlara çataraq öz ehtiyacları üçün alternativlər yaratmaq, eyni zamanda bu ehtiyatların Türkiyə üzərindən beynəlxalq bazarlara çıxarılmasına kömək edərək həm birbaşa iqtisadi gəlir əldə etmək, həm bölgə dövlətləri üçün alternativ yol meydana gətirmək, həm də bölgə dövlətlərinin özündən asılılığını təmin etmək;

5)  Türküstana çatmaq üçün etibarlı yola sahib olmaq (Qərb və ABŞ-dan fərqli olaraq həm də tarixi, milli, dini və mənəvi bağlara görə);

6)  Bölgə üçün mübarizə aparan digər böyük güclərlə əlaqələrində bazarlıq amili olaraq istifadə edə biləcəyi əlavə bir amilə sahib olmaq.

İran baxımından:

1. Xüsusilə, bölgə ölkələrinin müstəqilliyə qovuşmasının ilk illərində yayılma sahəsi meydana gətirmək (Azərbaycanın və Azərbaycan türklərinin sıx yaşadığı cənubi Gürcüstanın timsalında);

2.  Böyük güclərin (xüsusilə, ABŞ və Rusiyanın) özünə istiqamətlənmiş planlarına mane olmaq;

3.  Müstəqil Azərbaycanın güclənməsi zamanı bunun öz sərhədləri içərisindəki Azərbaycan türkləri üzərində yarada biləcəyi təsiri məhdudlaşdırmaq;

4. Bölgədəki təbii ehtiyatların xarici şirkətlər tərəfindən istehsalına və bu ehtiyatların beynəlxalq bazarlara çıxarılmasına mane olmaq (həm Qərb güclərinin bölgəyə bu bəhanələrlə yerləşmələrinin qarşısını almaq, həm də enerji bazarında özünə rəqib yaranmasına mane olmaq).

5. 2000-ci illərdə İranın nüvə proqramı ilə bağlı problem şiddətləndikcə və İran Qərb qüvvələrinin (xüsusilə, ABŞ və İsrailin) hərbi-siyasi mənada hədəfinə daha çox çevrildikcə bütün qonşu ərazilər, eləcə də Cənubi Qafqaz İran üçün “milli təhlükəsizlik riski” daşıyan region xüsusiyyətinə malik olmuşdur.

Çin baxımından:

1) Qlobal güc olma yolunda yeni bir bazara və ümumiyyətlə, iqtisadi mənfəət sahəsinə sahib olmaq;

2) Bölgədən və bölgə üzərindən özünə yönələ biləcək təhdidləri (xüsusilə, ABŞ-ın Çini çevrələmə və onun ərazi bütövlüyünə yönəlmiş təşəbbüsləri) məhdudlaşdırmaq, mümkün qədər ümumiyyətlə Çinin rəqiblərinin bu bölgədə təsir imkanlarını azaltmağa çalışmaq;

3) Bölgədəki enerji ehtiyatlarlarından istifadə edərək özü üçün mənbə müxtəlifliyi yaratmaq;

4) Azərbaycanın Çin daxilindəki Şərqi Türküstan bölgəsinə dəstəyi nümunəsində olduğu kimi “Çindaxili etnik problemlərə dəstək” imkanlarını məhdudlaşdırmaq.

Cənubi Qafqaz uğrunda mübarizə aparan güclərin və bu mübarizənin səbəblərinin siyahısını daha da uzatmaq mümkündür. Biz burada indiki mərhələdə daha əhəmiyyətli sayıla biləcək dövlətləri və onların ən vacib səbəblərini vurğulamaqla kifayətlənirik.

 

SSRİ-nin dağılmasından sonra Cənubi Qafqaz və dünya

SSRİ-nin dağılmasından sonra Cənubi Qafqazda ortaya çıxan dövlətlərin hər üçündə ilk illərdə oxşar proseslər yaşanmışdır. Qısa zaman fasilələri ilə bu dövlətlərin üçündə də kommunizm əleyhinə mübarizələrə öndərlik etmiş, başqa sözlə, az və ya çox dərəcədə Rusiya əleyhdarı sayıla biləcək şəxslər iqtidara gəlmiş və hər üç dövlət başçısı da vəzifəsini oxşar yollarla tərk etmişdir. Ermənistanda Levon Ter-Petrosyan və Gürcüstanda Zviad Qamsaxurdiya 1991-ci ildə, Azərbaycanda isə Əbülfəz Elçibəy 1992-ci ildə dövlət başçısı seçilmiş, bunlardan son ikisinin iqtidarı bir ildən daha az sürmüşdür. Ter-Petrosyanın iqtidarı isə nisbətən uzun olmuş və o, 1998-ci ilin fevralında vəzifəsini tərk etmişdir.

Müstəqillik mübarizəsi dövründə və sonrakı mərhələdə bölgə dövlətlərinin xarici siyasətləri və əhəmiyyətli güclərin bölgəyə baxışı ümumən aşağıdakı kimi olmuşdur.

 

      a) Bölgə  dövlətlərinin xarici siyasətləri:

         1) Azərbaycanın xarici siyasət kursu: Ayaz Mütəllibovun hakimiyyəti dövründə (1991 - mart 1992) qismən balanslaşdırılmış, amma daha çox Rusiyaya meyilli xarici siyasət izlənilmişdir. Əbülfəz Elçibəy dövründə (iyun 1992 - iyun 1993) Rusiya əleyhdarı, ABŞ və Türkiyə lehinə siyasət kursu tətbiq edilmişdir. Xarici siyasət baxımından Heydər Əliyev dövründə daha çox balanslaşdırılmış xarici siyasət kursu tətbiq edilmişdir. Heydər Əliyevdən sonra hakimiyyətə gələn hazırkı prezident İlham Əliyevin hakimiyyəti illərində (oktyabr 2003 - ) balanslaşdırılmış xarici siyasət kursu davam etdirilir.

     2) Ermənistanın xarici siyasət kursu: Levon Ter-Petrosyan, hakimiyyətinin (1991 - fevral 1998) ilk dövründə Rusiya əleyhdarı olmasına baxmayaraq, daha sonra həm müəyyən dərəcədə ABŞ və Qərb tərəfdarı kimi mövqe nümayiş etdirməyə, həm də Rusiyanın yüksək səviyyəli hərbi və siyasi dəstəyinə nail olmağa çalışmışdır. Robert Koçaryan hakimiyyətinin  (mart 1998 - mart 2008) ilk illərində Ermənistan balanslı, lakin xüsusilə 2000-ci ilin əvvəllərindən etibarən daha çox Rusiya lehinə xarici siyasət kursu izləməyə başlamışdır. Bu siyasət 2008-ci ildəki seçkilərdə rəsmi nəticələrə görə qalib gəlmiş Serj Sarkisyan tərəfindən də davam etdirilir. Bu ölkədə bütün hakimiyyətlər dövründə Türkiyə əleyhdarlığı xüsusi xətt kimi diqqəti cəlb etmişdir. 

      3) Gürcüstanın xarici siyasət kursu: Zviad Qamsaxurdiya və Eduard Şevardnadze hakimiyyətlərini geridə qoymuş olan bu ölkədə 2003-cü ilin noyabrından etibarən faktiki, 2004-cü ilin əvvəllərindən etibarən rəsmi olaraq Mixeil Saakaşvili (prezident) iqtidarı mövcuddur. Sadəcə olaraq baş nazirin səlahiyyətləinin gücləndirilməsi və 2012-ci ildə keçirilən parlament seçkilərində Saakaşvili əleyhdarı B.İvanişvilinin qələbə çalması ilə ikili hakimiyyət görüntüsü yaranmışdır. Məhz buna görə də İvanişvilinin baş nazir olmasından sonrakı mərhələyə dair Gürcüstan xarici siyasətinə bir qədər fərqli yanaşma tələb olunur.

      Zviad Qamsaxurdiya hakimiyyəti (1991 - yanvar 1992) dövründə Gürcüstan Rusiya əleyhinə və çox millətçi bir siyasət izləyirdi. Daha sonra mövcud olan qısamüddətli Hərbi Şura (yanvar 1992 - mart 1992) dövründə mürəkkəb bir proses yaşanmış, amma yenə də Qərb meyilli xarakterizə edilə biləcək xarici siyasət kursu izlənilmişdir. Eduard Şevardnadze hakimiyyətinin (mart 1992 - noyabr 2003) ilk dövründə qismən Rusiyaya meyilli xarici siyasət kursu tətbiq edilmiş, lakin daha sonra balanslaşdırılmış xarici siyasətə keçilmişdir. Tədricən Gürcüstanın xarici siyasəti daha çox ABŞ-a meyilli olmağa başlamışdır. Saakaşvili iqtidarı Rusiya əleyhinə və Qərb (xüsusilə ABŞ) lehinə xarici siyasət kursu tətbiq edir. 2012-ci ildən etibarən buna İvanişvilinin bəzən demək olar ki, bütün istiqamətlər üzrə əks yönlü çalarlara da malik olan xarici siyasəti əlavə olunmuşdur.

 

     b) Böyük güclərin bölgəyə baxışı:

1) ABŞ-ın bölgə siyasəti: SSRİ-nin dağılma prosesində və bu prosesdən dərhal sonra ABŞ yuxarıda qeyd etdiyimiz strateji hədəfləri istiqamətində bölgə dövlətləri ilə yaxşı münasibətlər qurmağa və bölgəyə yerləşməyə çalışmışdır. Lakin, xüsusilə 1993-cü ilin əvəllərindən etibarən Rusiyanın güclənməyə başlaması və bölgə ölkələrinin tətbiq etdikləri xarici siyasətlərin çox da uğurlu olmaması ABŞ-ın Rusiyaya qismən güzəştə getməsinə səbəb olmuşdur. “Yaralanmış div”in nəzarət etdiyi bölgələrin bir-bir rəqiblərinin əlinə keçməsindən duyduğu narahatlıq səbəbilə həddindən artıq radikal reflekslər göstərməsindən də çəkinən ABŞ, xüsusilə 1994-cü ildə Xarici işlər nazirinin (dövlət katibinin) müavini də təyin olunan Strob Telbotun başçılıq etdiyi diplomatların təsiriylə “əvvəlcə Rusiya“ (“Russia first”) anlayışı ilə bölgəni Rusiyanın “arxa bağçası” kimi görməyə başlamışdır. Bu isə Rusiyanın keçmiş Sovet coğrafiyasında mövqelərini bərpa etmə təşəbbüsləri qarşısındakı maneələrin zəifləməsi, eləcə də Moskvanın hegemoniya təşəbbüslərinə müqavimət göstərməyə çalışan və bu istiqamətdə xaricdən (Qərbdən) dəstək axtarışında olan gənc respublikaların imkanlarının azalması mənasına gəlirdi. Maraqlıdır ki, Telbotun 21 iyul 1997-ci il tarixində Con Hopkins Universitetindəki mühazirəsində ABŞ-ın bu bölgədə “Moskvanın hegemon siyasətinə artıq göz yummayacağı” vurğulanırdı. ABŞ rəhbərliyinin mövqeyinin dəyişməsində Bill Klintonun 1996-cı ilin sonlarında başlayan ikinci prezidentlik dövründə dövlət katibi təyin edilən Madlen Olbraytın “bölgədəki boşluğun yenidən Rusiya tərəfindən doldurulmasına mane olmağın zəruriliyi” barədəki fikri əhəmiyyətli rol oynamışdır. 1998-cı ilin oktyabrında açıqlanan “Milli Təhlükəsizlik Strategiyası” sənədində də bölgənin əhəmiyyəti vurğulanaraq, ABŞ-ın bölgə ilə bağlı siyasətinin çərçivəsi ortaya qoyulmuşdur. Daha sonra bölgəni beynəlxalq bazarlara bağlayan yol olaraq düşünülən “İpək Yolu” layihəsi ilə bunu tətbiq etmək üçün 1999-cu ildə ABŞ Konqresindən keçirilən “İpək Yolu Strategiyası” qanunu ABŞ-ın Orta Asiya və Qafqaza dair siyasətinin ana xətlərini açıq şəkildə ortaya qoyurdu. Eynilə daha sonra 1999-cu ilin dekabrında açıqlanan “Milli Təhlükəsizlik Strategiya” sənədində də ABŞ-ın bölgə ilə bağlı fəal siyasət icra etməsinin zəruriliyi vurğulanırdı.

11 sentyabr 2001-ci ildə yaşanan terror hadisələrindən sonra ABŞ-ın qlobal yayılma siyasəti güclənmiş və bu çərçivədə Cənubi Qafqazdakı təşəbbüsləri də artırmışdır. Uzun müddət tətbiq olunan və Azərbaycana qarşı sanksiyaları əks etdirən 907-ci düzəlişin icrasının dayandırılması, Gürcüstana güclü bir şəkildə yerləşmək cəhdləri, bu çərçivədə uzun müddətdən bəri Gürcüstan ordusuna təlim proqramının tətbiq olunması və Saakaşvilinin iqtidara gətirilməsi prosesi, Azərbaycanda hərbi baza əldə etmə cəhdlərinin müdafiə naziri Donald Ramsfeld səviyyəsində rəsmi olaraq təsdiqlənməsi, ABŞ rəsmilərinin ardıcıl şəkildə Xəzərin təhlükəsizliyini öz təhlükəsizlikləri kimi gördükləri barədə verdikləri açıqlamalar (son iki mövzuya Rusiya ilə bağlı hissədə daha geniş toxunulacaqdır) bunun göstəriciləridir.

“Böyük Orta Şərq” planının açıqlanması (bu plan daha sonra fərqli çərçivələr və adlar altında da gündəmə gətirilmişdir) ABŞ-ın Cənubi Qafqaz bölgəsi ilə bağlı strategiyaları barədə yeni mübahisə və müzakirələri başlatmışdır. ABŞ bu istiqamətdə səylərini dayanmadan artırmış, lakin 2008-ci ilin avqust hadisələri onun Cənubi Qafqazdakı mövqelərini və imicini zədələmişdir.

Qarabağ probleminin həllinə dair gözləntilərin özünü doğrultmaması və Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması istiqamətindəki səyləri səbəbindən ABŞ-ın Azərbaycandakı imici də zərər görmüşdür. 2010-cu ildən etibarən ABŞ Cənubi Qafqazda mövqelərini qorumaq istiqamətində yenidən nəticələr əldə etməyə çalışmış, Türkiyə-Ermənistan protokolları burulğanının səngiməsi və Rusiyanın keçmiş SSRİ-ni bərha etmə təşəbbüslərinə müqavimət fonunda Azərbaycan ilə münasibətlər daha müsbət xarakterə malik olmuşdur. Obama hakimiyyətinin müəyyən jestləri ABŞ-ın Ermənistan ilə münasibətlərinə də müsbət təsir etmiş, İvanişvilinin baş nazir seçilməsinin isə “Rusiyanın ABŞ üzərində növbəti “əks-inqilabi” qələbəsi yoxsa Gürcüstanın öz oyunu olması” sualı isə hələ öz cavabını tapmamışdır.

2)   Rusiyanın bölgə siyasətiRusiya ilk dövrlərdə SSRİ-nin dağılmasının yaratdığı çaşqınlıq içərisində qalsa da, qısa müddətdə keçmiş mövqeləri bərpa etməyə çalışmışdır. Bu çərçivədə böyük əhəmiyyət daşıyan, keçmiş SSRİ coğrafiyasında Rusiyanın xüsusi mənfəətləri olduğunu ifadə edən“yaxın ətraf” anlayışı ilk dəfə  Rusiyanın xarici işlər naziri Kozırevin 2 yanvar 1992-ci il tarixində yazdığı bir məqalədə açıqlanmışdır.Kozırev bu fikrini 1992-ci ilin sonunda Stokholmda keçirilən ATƏM (sonradan ATƏT oldu) konfransındakı çıxışında keçmiş SSRİ respublikalarının hərbi və iqtisadi baxımdan federasiya və ya konfederasiyada birləşməsinin zəruriliyi şəklində də açıqlamışdır. Rusiyanın yaxın ətrafında xüsusi imtiyazlara malik olmasının zəruriliyi düşüncəsi Yeltsinin 1993-cü ilin əvvəlindəki “Yeni il” çıxışında “Rusiyanın yaxın ətrafdakı rusları qorumaq üçün daha fəal olacağı” ifadəsi ilə bu ölkənin rəsmi dairələrində getdikcə daha çox təsirli olmağa başlamışdır. Fevral ayında Yeltsin BMT-dən Rusiya Federasiyası ordusuna keçmiş SSRİ ərazisindəki münaqişələrə “sülhməramlı ordu” kimi müdaxilə etmə səlahiyyəti verilməsini istəmişdir. Eyni ay içərisində “yaxın ətraf” düşüncəsini əsas götürən xarici siyasət doktrinası əvvəlcə Rusiya Təhlükəsizlik Şurası tərəfindən açıqlanmış, daha sonra isə aprel ayında Yeltsin tərəfindən təsdiqlənərək qüvvəyə minmişdir. Rusiya rəhbərliyi 1993-cü ilin oktyabrında baş verən “parlament basqını” ilə daxili müxalifət problemini həll etdikdən sonra həmin ilin noyabrında yeni hərbi doktrina açıqlayaraq bölgədə güclənməyə başlamışdır. Bu müddətdə Cənubi Qafqazın hər üç ölkəsində Rusiya əleyhdarı olan liderlər vəzifələrini ya da siyasi xəttlərini tərk etmək məcburiyyətində qalmışlar. Rusiya 1990-cı illərin ortalarına qədər ABŞ-ın ciddi etiraz nümayiş etdirməməsini də fürsət bilərək bölgədə əvvəlki mövqelərini bərpa etməyə çalışmışdır. Lakin həmin dövrdən etibarən bölgə üçün gedərək güclənən bir ABŞ-Rusiya mübarizəsi başlamışdır.

Rusiya bu prosesdə ən çox Gürcüstanda çətinlik yaşamışdır. Həm ABŞ-ın bölgəyə yerləşməsində əsasən bu ölkədən istifadə etməsi, həm də Çeçenistan məsələsində çeçen döyüşçülərə dəstək verməsi səbəbindən Rusiya Gürcüstanın siyasətindən narahat olmuş və bu ölkədən qopmağa çalışan Abxaziya, Cənubi Osetiya və Acarıstana dəstək vermişdir. Xüsusilə, 2003-cü ilin noyabrında Gürcüstanda yaşanan və Şevardnadzenin yerinə Saakaşvilinin keçməsini təmin edən proses Rusiyanı çox narahat etmişdir. Rusiya çox yaxlığınında baş verən bu hadisəni istiqamətləndirmək bir yana qalsın, heç doğru-dürüst nə baş verdiyinin fərqinə belə vara bilməmişdir. Hadisələrdən dərhal sonra Moskvada Rusiyanın xarici işlər naziri İqor İvanov ilə Abxaziya, Cənubi Osetiya və Acarıstan liderləri arasında dəyərləndirmə toplantısı keçirilmiş, toplantıdan sonra Cənubi Osetiya lideri Kokaiti “ölkəsinin yaxın zamanda Rusiyanın bir parçası olacağına ümid etdiklərini və bu dövlətin artıq onlarla birləşməyi dəyərləndirdiyini” qeyd etmişdir. Daha sonra bəyanat verən rus rəsmiləri Gürcüstanın ərazi bütövlüyünü tanıdıqlarını açıqlasalar da, xüsusilə Gürcüstan vətəndaşlarına viza tətbiqini davam etdirdikləri halda, separatçı bölgələrdə yaşayan şəxsləri bu vizanın əhatəsi xaricində tutmaları suallara səbəb olmuşdur. Daha sonrakı mərhələdə Gürcüstandakı rus hərbi bazalarının çıxarılması, bu ölkənin NATO üzvlüyünə dair israrlı mövqeyi və separatçı bölgələrə Rusiya tərəfindən verilən dəstək səbəbindən bu iki ölkə arasındakı əlaqələr həmişə gərgin olmuşdur.

2008-ci ilin avqustunda isə Cənubi Osetiyada baş verən hadisələrdən sonra faktiki olaraq Rusiya Gürcüstanı işğal etmiş, daha sonra isə bu ölkədən ayrılmağa çalışan Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanıdığını açıqlamışdır. Rusiya ilə Gürcüstan arasındakı münasibətlərdə sadəcə İvanişvilinin baş nazir olmasından sonra münasibətlər müəyyən qədər yumşalmağa başlamış, o da konkret nəticə kimi hələlik özünü Ruz bazarına girməyə çalışan Gürcü mallarına qoyulan məhdudiyyətləin aradan qaldırılması şəklində göstərmişdir. Amma, Rusiyadan Ermənistan Gürcüstan vasitəsiylə gedən dəmir yolunun açılması təşəbbüsləri və Gürcüstanın güya Azərbaycandan daha münasib şərtlərlə Rusiyadan təbii qaz ala biləcəyinə dair keçmiş futbolçu - yeni nazir Kaxa Kaladzenin açıqlamaları (əslində İvanişvilinin parlament seçkilərindəki qələbəsiylə birlikdə başlayan Azərbaycana və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə yönəlik dair ittihamlar da) Gürcüstanın Azərbaycan ilə münasibətlərində suallar yaratmış, Ermənistan və Rusiyaya jest xarakteri daşımışdır.

Ermənistan bölgədə Rusiyanın ən təsirli olduğu bölgə ölkəsidir. Rusiya əvvəldən burada mövcud olan hərbi bazaları ilə yanaşı, Gürcüstandan çıxardığı hərbi qüvvələrini də bu ölkəyə daşımışdır. Bundan başqa, Ermənistanın iqtisadi müəssisələrinə də bu ölkənin ona olan borclarına qarşılıq olaraq sahiblənmişdir. Ermənistan enerji ehtiyacı etibarilə Rusiyadan asılı vəziyyətdədir. Zaman-zaman Ermənistan ictimaiyyəti və hətta bu ölkənin səlahiyyətli şəxsləri tərəfindən Ermənistan-Rusiya əlaqələrinin mövcud vəziyyətindən duyulan narahatlıq dilə gətirilməkdədir. Lakin bu ölkə xüsusilə təhlükəsizlikdən qaynaqlanan narahatlıqlarını Rusiyanın dəstəyi ilə aradan qaldırdığına inandığı üçün əlaqələrin mövcud xətti davam etməkdədir. 2010-cu ildə isə Rusiya Ermənistandakı hərbi bazalarının həm müddətini, həm də istifadə dairəsini genişləndirən müqavilə imzalamışdır. Bu müqavilə ilə Ermənistanın müstəqillik sahəsinin, demək olar ki, sıfıra yaxınlaşdığı bir çox erməni ekspertlər tərəfindən də vurğulanmışdır. İş o yerə çatıb ki, Ermənistan onun üçün həlledici məqamlarda “nəfəslik” rolunu oynadığını iddia etdiyi İran ilə münasibətlərində (neft və təbii qaz nəqli müqavilələri də daxil olmaqla) də çox vaxt “Rus vetosu” ilə qarşılaşmaqda və bu vetoya uyğun hərəkət etməkdədir. 

Azərbaycan 2012-ci və 2013-cü illər istisna olunmaqla Rusiyanın maraqlarının əsasən balanlaşdırıldığı ölkə olmuşdur. Amma bu balanlaşdırma həm Azərbaycanın öz maraqları ilə RF-nin maraqlarının balanslaşdırılması, həm də digər əhəmiyyətli (böyük) dövlətlərin maraqları ilə RF-nin maraqlarının balanlaşdırılması şəklində olmuşdur.

Ərazisinin bir hissəsi Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan Rusiyanın razılığı olmadan bu problemin həllinin qeyri-mümkün olduğunu başa düşür və bu səbəbdən də Qərb ilə münasibətlərini qurarkən bu ölkəni diqqətdən kənarda saxlamır. Azərbaycan siyasi, hərbi, enerji, mədəni və ümumi iqtisadi sahədə Rusiyanın rəqib olaraq gördüyü güclər ilə əlaqələri inkişaf etdirərkən bu dövlətin xüsusilə hərbi və mədəni sahələrdəki maraqlarını da nəzərə alır.Son illərdə Azərbaycan-Rusiya münasibətlərinə humanitar sahənin xüsusi olaraq əlavə olunması, humanitar forumların kifayət qədər yüksək səviyyəli rəsmilərin rəhbərliyi və çox geniş heyətlərin iştirakı ilə keçirilməsi diqqət çəkmişdir. Putin hakimiyyətə gəldikdən sonra Azərbaycan səfərlərində “Azərbaycanda rus dilinə göstərilən qayğını” xüsusi vurğulamış, dünyadakı Rusdilli kütləvi informasiya vasitələrinin birinci illik forumu Bakıda təşkil edilmiş, son illərdə şəhərin mərkəzi hissəsində bir neçə “Rus kitab evi” açılmışdır.

Rusiyanın uzun müddət Azərbaycanın şimalında Qəbələ Radiolokasiya Stansiyasına (RLS) sahib olması rəsmi Bakının ABŞ ilə qurduğu hərbi əlaqələrə rus tərəfinin reaksiyalarının təsiri və Azərbaycanın hərbi mövzularda Rusiyadan sığortalanmaq arzusunun göstəricisi kimi qiymətləndirilə bilər. ABŞ-ın Avropa Komandanlığının komandan müavini Çarlz Voldun 21 noyabr 2003-cü ildə Bakıya səfəri zamanı qismən dilə gətirilən, daha sonra Ramsfeldin 3 dekabr 2003-cü il tarixli səfərində daha dəqiq şəkildə ortaya qoyulan ABŞ-ın Azərbaycanda hərbi baza yaratmaq cəhdləri ilə bağlı xəbərlər çox güman ki, İran və xüsusilə Rusiyanın reaksiyaları səbəbindən təkzib edilmişdir. Xatırladaq ki, 2003-cü il dekabr ayının ortalarında Azərbaycan Respublikası Prezident Administrasiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və o vaxtkı xarici işlər naziri Vilayət Quliyev, ardınca da 5-7 fevral 2004-cü il tarixlərində Rusiyaya səfəri zamanı Azərbaycanın dövlət başçısı İlham Əliyev bu iddianı təkzib edən bəyanatlar vermişdilər.

Əslində, Azərbaycan prezidentinin xarici siyasət üzrə keçmiş müşaviri (1999-cu ildə istefa vermiş) Vəfa Quluzadə 20 dekabr 2003-cü il tarixli bəyanatında Heydər Əliyevin illər əvvəl (dəqiq tarix verilməmişdi) ABŞ-ın dövlət katibi Madlen Olbrayt ilə görüşündə ABŞ əsgərlərinin Azərbaycana yerləşdirilməsi planına “bəli” dediyini ifadə etmişdi. Eyni zamanda, Ramsfeldin də bunu açıq şəkildə bildirməsi ABŞ-ın Azərbaycanda hərbi baza yaratmağı planlaşdırdığını göstərirdi. Bu səbəbdən də Azərbaycan rəsmi şəxslərinin təkzib açıqlamalarının Rusiyanın reaksiyalarını azaltma məqsədi güddüyü düşünülməkdədir. Lakin bu açıqlamalar Rusiyanı kifayət qədər rahatlaşdırmamış və Azərbaycana qarşı təzyiqləri azaltmamışdır ki, Çarlz Vold da Bakıya ikinci səfəri zamanı, 13 mart 2004-cü ildə keçirilən mətbuat konfransında ABŞ-ın Azərbaycana əsgər yerləşdirməyi planlaşdırmadığını ifadə etmək məcburiyyətində qalmışdır.

Azərbaycanın Qarabağ probleminin həllinə dair Qərbdən gözləntilərinin həyata keçməməsi və Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması istiqamətindəki fəallıq, eyni zamanda 2008-ci ilin avqust hadisələrindən sonra Rusiyanın mövqeyinin bir qədər güclənməsi Azərbaycan-Rusiya münasibətlərində müsbət çalarların artmasına səbəb olmuşdur. Azərbaycan Rusiya ilə bir neçə enerji (təbii qaz nəqlinə dair) müqaviləsi belə imzalamışdır. Eyni zamanda 2008-ci ilin avqust hadisələrindən sonra alovlanaraq “yeni bir dünya müharibəsi başlatmaq imkanına” malik olduğu iddia edilən Qarabağ problemi ilə bağlı “sülh prosesi” də bu mərhələdə sanki Rusiyanın nəzarətinə keçmişdir. Məhz Rusiyanın təşəbbüsü və vasitəçiliyi ilə bu ölkənin müxtəlif şəhərlərində (Moskva, Soçi, Kazan) Azərbaycan və Ermənistan prezidentləri arasında görüşlər keçirilmişdir. Azərbaycan ilə Ermənistan arasında yeni müharibə ehtimalını azaldan ən kritik sənəd də məhz Rusiyanın vasitəçiliyi ilə 2 noyabr 2008-ci il tarixdə imzalanmış olan “Moskva bəyannaməsi”dir.

2012-ci ildən etibarən isə ikitərəfli münasibətlərdə gərginliklər daha çox ön plana çıxmağa başlamışdır. Azərbaycanın Qərb üçün həyati əəhmiyyət daşıyan enerji layihələrinə taktiki addımlarla (TANAP kimi) da olsa verdiyi dəstək, Qəbələ RLS-in müqavilə müddətinin artırılması üçün razılığın əldə olunmaması və Rusiyanın Azərbaycanın daxili işlərinə müdaxiləsi (şərti olaraq “Milyarderlər ittifaqı” kimi adlandırılan qurumun formalaşdırılması, etnik separatizmin təşviq edilməsi və s.) iddiaları münasibətləri gərginləşdirmişdir. Ermənistan və Ukrayna hələ müddətinin başa çatmasına bir neçə il qaldığı halda öz ölkələrindəki Rus hərbi bazalarının mövcudluğuna dair müqavilələrin müddətini 2040-cı illərə qədər uzadarkən, Rusiya Orta Asiya respublikalarındakı hərbi mövcudluğunu gücləndirərkən Azərbaycanın Qəbələ RLS ilə bağlı prinsipial mövqe nümayiş etdirməsi və müqaviləyə xitam verilməsi kifayət qədər ciddi nəticə olmuşdur. Bunu, 1992-1993-cü illərdə (Əbülfəz Elçibəyin prezidentliyi dövründə) bütün keçmiş Sovet respublikaları içərisində ilk dəfə olaraq Azərbaycanın öz ərazisindən Rus ordusunu çıxarması uğurunun tamamlayıcı həmləsi kimi də qiymətləndirmək mümkündür. Xatırladaq ki, həmin vaxt Rus hərbi birləşmələri hətta Almaniya ərazisində belə qalmağa davam edirdilər. 

2013-cü ildən isə bunlara Bakı-Novorossiysk neft boru kəməri ilə bağlı problem də əlavə olunmuşdur. Belə ki, May ayında Rusiya tərəfinin rentabelli işləmədiyi (Azərbaycan kəmər ilə nəzərdə tutulanla müqayisədə xeyli az neft nəql etdyi) üçün boru kəmərinin birgə istifadəsinə dair müqavilənin müddətinin uzadılmaması ilə bağlı rəsmi qərar verdiyi açıqlanmışdır. Hazırda Azərbaycan-Rusiya münasibətlərində “soyuq müharibə”nin işarələri diqqət çəkməkdə, amma rəsmilər ehtiyatlı ifadələrlə də olsa “hər şeyin qaydasında olduğunu” qeyd etməkdədirlər.

3) Türkiyənin bölgə siyasəti: Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi öz ölkəsinin Cənubi Qafqaza baxışını belə izah etməkdədir: “Şərq və Qərb, Şimal və Cənub arasında keçid bölgəsi olan Qafqaz soyuq müharibədən sonrakı beynəlxalq sistemdə Avrasiyada qurulan enerji və nəqliyyat dəhlizlərinin kəsişdiyi nöqtədə yeləşir. Bu baxımdan strateji dəyəri daha da artan bölgə, bütün Avrasiyada sabitlik və rifahın təsisi nöqteyi-nəzərindən də gedərək artan bir əhəmiyyətə sahib olmuşdur”. Burada ayrıca olaraq, Türkiyənin Cənubi Qafqaz ölkələrilə əlaqələrində bərabərlik prinsipi ilə davranmağa çalışdığı, eyni zamanda bölgəni Orta Asiyaya gedən yolda körpü kimi gördüyü də ifadə edilir.

Əslində, bölgə ölkələri müstəqilliklərini elan etdikdən dərhal sonra onsuz da uzun müddətdən bəri bölgə ilə bağlı hazırlıqlar içərisində olan Türkiyə hər üç respublikanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olmuşdur. Sonrakı mərhələdə Türkiyənin bölgə ölkələri ilə əlaqələri fərqli şəkillərdə davam etmişdir. Bunda bölgə ölkələrinin Türkiyə ilə bağlı mövqeləri və bu dövlətin öz prioritetləri də əhəmiyyətli rol oynamışdır. Məsələn, Ermənistan Türkiyənin ilk müsbət addımlarına ona qarşı ərazi və bu ölkəni beynəlxalq arenada sıxışdırmağa istiqamətlənmiş uydurma “soyqırım” iddiaları ilə cavab vermişdir. Buna qarşılıq olaraq Türkiyə-Azərbaycan əlaqələri bir çox istiqamətdə, Türkiyə-Gürcüstan əlaqələri isə xüsusilə enerji və hərbi istiqamət ön planda olmaqla əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Azərbaycan, Gürcüstan və Türkiyəni bir-birinə bağlayan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərinin reallaşdırılması, üç ölkənin dövlət başçısının iştirakı ilə 2002-ci il aprel ayının sonunda Trabzonda keçirilən sammit və nəhayət, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi regional əməkdaşlığın əhəmiyyətli göstəriciləri olmuşdur.

Türkiyənin Cənubi Qafqazla bağlı 1991-ci ilin sonlarından etibarən Rusiyanı çox da nəzərə almadan “cəsarətli” addımlar atması xüsusi diqqətçəkən bir məqam olmuşdur. Bu vəziyyət Rusiyanı olduqca narahat etmişdir. Məsələn, Ermənistanın Azərbaycana qarşı işğalçı rəftarının artdığı bir dövrdə Türkiyənin keşmiş baş naziri Tansu Çillərin Moskva səfəri başlayarkən Rusiyanın həmin vaxt Azərbaycandakı səfiri olan Valter Şoniya Türkiyənin “qəribə bir hiyləgərlik içində olduğunu” ifadə edərək, onun “Qafqazda böyük qardaşlıq rolundan imtina etməsinin zəruriliyini” iddia etmişdir. Lakin ABŞ-ın bu illərdəki mövqeyi səbəbilə də bu siyasət uzun sürməmiş, Çillərin Moskvada dediyi “Bölgəyə Rusiya ilə eyni pəncərədən baxırıq” fikri bu ölkəni qismən rahatlaşdırmışdır. Daha sonrakı dövrlərdə Türkiyənin Cənubi Qafqazda bəzən Rusiyaya rəğmən, bəzən də onunla ortaq siyasət aparmağa çalışdığı müşahidə edilmişdir. Rəsmi Ankaranın 2008-ci ilin avqust hadisələrində və daha sonrakı vacib məqamlarda ortaya qoyduğu mövqe də bunu göstərmişdir. Türkiyənin region ölkələri ilə münasibətlərində son illərdə yaşanan mühüm məqamlardan biri bu ölkənin Ermənistan ilə münasibətləri yaxşılaşdırmaq istiqamətində xüsusi addımlar atmağa çalışması və bu səylərin Türkiyə-Azərbaycan əlaqələrində yaratdığı qırılmalar olmuşdur.

Sonrakı mərhələdə isə münasibətlər daha da yaxşılaşmış, hətta Azərbaycan ilə Türkiyə arasında əvvəlcə (2010-cu ildə) Strateji Əməkdaşlığa dair, daha sonra isə Trans-Anadolu Təbii Qaz Boru Kəmərinə (TANAP) dair (2011-ci ilin sonlarında razılıq əldə olunduqdan sonra 2012-ci ilin iyununda Hökumətlərarası Müqavilə) müqavilə imzalanmışdır. Bundan əlavə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası təsis edilmiş və 2011 və 2012-ci illərdə iki iclası keçirilmişdir.

Türkiyə prezidenti Abdullah Gülün Ermənistana səfəri (futbol diplomatiyası) ilə başlayan proses hələ öz nəticəsini tam verməmiş, Türkiyə-Ermənistan münasibətlərini “normallaşdıracağı” iddia olunan protokollar ilə bağlı problemlər hələ həll olunmamışdır.

Türkiyə-Gürcüstan münasibətləri müəyyən istiqamətlər üzrə xüsusi dərəcədə inkişaf etmiş (sərmayə qoyuluşunun asanlaşdırılması, vizanın ləğv olunması və sərhəddi xarici pasporta ehtiyac qalmadan milli şəxsiyyət vəsiqələri ilə keçməklə bağlı razılığın əldə olunması), Türkiyənin (eyni zamanda Avropa Şurasının) Ahıska Türklərinin öz yurdlarına qayıtmasının təmin edilməsi ilə bağlı tələbləri isə Gürcüstan tərəfindən tam qarşılanmamışdır. Gürcüstan Saakaşvili hakimiyyətinin ilk illərində Acarıstanın statusunu Türkiyənin də tərəf olduğu beynəlxalq müqavilələrə zidd olaraq dəyişmişdir.

4)   İranın bölgə siyasəti: İran Cənubi Qafqaz respublikalarının müstəqillik əldə etmə təşəbbüslərinə ehtiyatla yanaşmış, hətta SSRİ-nin dağılma prosesində ümumiyyətlə əhalisinin çoxunu Müsəlmanlar təşkil edən respublikaları müstəqilliklərini elan etmək barədə tələsməməyə çağırmışdır.

İlk hissədə də qeyd olunan maraqlar çərçivəsində İran başlanğıcdan etibarən Ermənistan və Azərbaycanla sıx, Gürcüstanla isə daha məhdud əlaqə içərisində olmuşdur. 1992-ci ilin iyun ayından 1993-cü ilin iyun ayına qədərki dövrdə İranın Azərbaycanla bağlı siyasəti mənfi, Ermənistanla bağlı siyasəti isə müsbət olmuşdur. Bu siyasət həm İranın strateji seçimlərindən, həm də Azərbaycandakı Elçibəy hakimiyyətinin İranla bağlı siyasətindən qaynaqlanmışdır. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra İranın narahatlıqlarını azaldan siyasət izləməyə başlamışdır. Amma yenə də Heydər Əliyevin prezidentliyi illərində müxtəlif məsələlərə (Xəzərin adı ilə bağlı - “Mazandaran problemi”, statusu ilə bağlı - 2001-ci ilin iyulundakı böhran; Cənubi Azərbaycan məsələsi) görə gərginliklər yaşanmışdır.

İran indiki mərhələdə hələ də ABŞ-ın onu çevrələmə və hərbi müdaxilə siyasətində Azərbaycandan baza kimi istifadə edə biləcəyi ilə bağlı narahatlıq keçirməkdədir. Eləcə də İsrailin İrana qarşı Azərbaycandan hərbi və kəşfiyyat məqsədləri istiqamətində istifadə etdiyi/edəcəyi mövzusu vaxtaşırı olaraq Azərbaycan-İran münasibətlərində dərin böhranlara  səbəb olmaqdadır. 2012-ci il münasibətlərdə xüsusilə gərginlik ili kimi, 2013-cü ilin ilk ayları isə (aprelin 29-da Prezident admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev, mayın 20-də isə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə İrana səfər edərək kritik danışıqlar aparmışdır) bu gərginliyi azaltmağa təşəbbüs mərhələsi kimi diqqət çəkmişdir. Xüsusilə son addımların digər məqamlarla yanaşı həm də hər iki ölkədə keçiriləcək prezident seçkiləri öncəsi gərginiyi ən azı artırmamaq hədəfi ilə əlaqədar olması ehtimalı da mövcuddur.

İran Ermənistan ilə əlaqələrinin yaxşı olması yalnız Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi mərhələ (müharibə dövrü) ilə məhdudlaşdırmamışdır. İki ölkə arasında elektrik və təbii qaz mərkəzli enerji əməkdaşlığı da güclənməkdədir. İranın bu prosesdəki həddindən artıq istəkliliyi sadəcə Rusiyanın və müəyyən dərəcədə Qərbin Ermənistana təzyiqləri ilə münasibətlərin daha da yüksək səviyyəyə çıxmasına mane olur.

İran-Gürcüstan münasibətlərində yüksək səviyyəli səfərlər baş tutsa da çox əhəmiyyətli proseslər yaşanmamış, ümumilikdə isə, Gürcüstanın ABŞ ilə hərbi əlaqələrinin yaxşı olması səbəbindən İran bu ölkəyə əsasən soyuq yanaşmışdır.

5) Çinin bölgə siyasəti: Sovet İttifaqının dağılmasından sonrakı dövrdə Çin daha çox Türküstan (Orta Asiya) bölgəsi ilə maraqlanmışdır. Cənubi Qafqaz bölgəsi ilə bağlı xüsusilə Elçibəy hakimiyyəti dövründə Azərbaycanla “soyuq müharibə”nin yaşanması diqqət çəkmişdir. Azərbaycan rəhbərliyinin “Şərqi Türküstan” ifadəsi və siyasəti (Çin daxilində uyğur türklərinin yaşadıqları bölgə ilə bağlı siyasət) Çini o qədər narahat etmişdir ki, bu dövlət bir müddət sonra Azərbaycan torpaqlarını işğal edən Ermənistana “Tayfun” raketlərini belə satmışdır. Hal-hazırda Çinin xüsusilə Azərbaycan və qismən də Ermənistan ilə yaxşı əlaqələri var. Münasibətlər çox sıx və digər rəqib gücləri narahat edəcək ölçüdə deyil. Lakin Çin enerji mənbəyi və bazar kimi əhəmiyyət verdiyi Azərbaycanla qarşılıqlı olaraq yüksək səviyyəli səfərlər reallaşdıraraq əlaqələrini çox diqqət çəkmədən inkişaf etdirməyə çalışır.

Çin Gürcüstanı ilk tanıyan dövlətlərdən biri olsa da, iki ölkənin əlaqələri çox da sıx deyil. Amma Çin və Gürcüstan (bu siyahıya Azərbaycanı da daxil etmək olar) xüsusilə “İpək yolu” layihəsi və ərazi bütövlüyünə verdikləri əhəmiyyət nöqteyi-nəzərindən ortaq siyasətlərini davam etdirirlər. Bu çərçivədə 2008-ci ilin avqust hadisələrindən sonra Çinin aparıcı ölkə mövqeyinə malik olduğu Şanxay Əməkdaşlıq Təşkilatının, Rusiyanın səylərinə rəğmən onun mövqeyini dəstəkləyən qərar qəbul etməməsi maraqlı məqam olmuşdur. Çinin onun ərazi bütövlüyü ilə bağlı bütün həssaslıqları paylaşan Azərbaycanın BMT-də irəli sürdüyü təkliflərin ya lehinə səs vermiş, ya da bitərəf qalmışdır. Azərbaycan Xarici işlər nazirliyinin Çin ilə ikitərəfli münasibətlərə dair arayışında bu məqam belə açıqlanır:

“Xüsusilə qeyd etmək lazımdır ki, 2002-ci ilin 2 dekabr tarixində “BMT və ATƏT arasında əməkdaşlıq haqqında qətnamə”yə Azərbaycan tərəfindən hər il irəli surulən düzəliş üzrə BMT Baş Assambleyasında keçirilmiş səsvermədə BMT TŞ-nin daimi üzvləri arasında ÇXR düzəlişin lehinə səs vermiş yeganə dövlət olmuşdur.

BMT və ATƏT arasında əməkdaşlığa dair qətnaməyə Azərbaycan tərəfindən irəli sürülmüş düzəliş üzrə BMT BA-da keçirilmiş səsvermələrdə ÇXR-in tutduğu mövqe:

1996 lehinə; 1997 lehinə; 1998 iştirak etməmiş; 1999 iştirak etməmiş; 2000 lehinə; 2001 lehinə; 2002 lehinə

Qeyd: 2004-cu il 29 oktyabr tarixində BMT Baş Assambleyasının Plenar İclasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı bəndin Baş Assambleyanın gündəliyinə salınmasına dair qərarla bağlı keçirilən səsvermədə Çin bitərəf mövqe tutmuşdur.

Qeyd: 2006-cı ilin sentyabr ayında BMT Baş Assambleyanın 61-cı sessiyasının gündəliyinə “GUAM ərazisində uzanan munaqişələr və onların beynəlxalq sulh, təhlükəsizlik və inkişafa təsiri” bəndinin salınması ilə bağlı Çin tərəfi ilə muvafiq danışıqlar aparılsa da, Çin qeyd olunan məsələdə bitərəf mövqe nümayiş etdirmişdir.

Qeyd : 2008-ci il mart ayının 14-də BMT Baş Assambleyasının 62-ci plenar iclasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair” qətnamə üzrə keçirilən səsvermədə CXR bitərəf mövqe numayiş etdirmişdir.”               

Nəticə

Əvvəla onu qeyd edək ki, regional və qlobal mübarizənin oyunçuları ilə bağlı 22 il öncəki proqnozlar özünü tam doğrultmamışdır. Nə AB, nə də Yaponiya 1991-ci ildə onlardan gözlənilən rolu sonrakı illərdə təmin edə bilməmiş, əvəzində meydana həm yeni güclər çıxmış, həm də meydana çıxacağı gözlənilən bəzi güclər daha sürətli inkişaf yolu keçmişdir. AB həm genişləmənin gətirdiyi inteqrasiya problemləri, həm də düzgün olmayan daxili iqtisadi sistemin və qlobal iqtisadi böhranların təsiri ilə artıq bir neçə ildir ki, iqtisadi poblemlərini həll edə bilmir. Yaponiya da bir neçə regional və qlobal iqtisadi problemin öhdəsindən tam gələ bilməmiş və 2003-cü ildən sonra sürətlə artan neft qiymətlərinin ağır təsirini hiss etmişdir. Buna ardıcıl olaraq yaşadığı təbii fəlakətlərin ağır nəticələrini də əlavə etmək mümkündür.

Onların əvəzində Çin ilə yanaşı həm də Hindistan və Braziliyanın qlobal, Türkiyənin regional imkanları artmış, beynəlxalq sistemdə Qərb qurumlarına alternativ kimi Rusiya və Çinin liderlik etdiyi Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının ingilis dilində adlarının baş hərflərindən ibarət olan qısaltma) adı daha çox hallanmağa başlamışdır.

Keçən müddət ərzində Cənubi Qafqaz həm özünün birbaşa malik olduğu dəyərlər (strateji coğrafi mövqe, təbii ehtiyatlar və s.), həm də Qara dəniz, Xəzər hövzəsi, İran və Orta Asiya kimi qlobal siyasi mübarizənin əsas sahələrinə yaxınlığı səbəbindən əhəmiyyətini mütəmadi olaraq artırmışdır. Bu mənada ABŞ tərəfindən də böyük əhəmiyyət verilən Avropanın enerji təhlükəsizliyinin təmini prosesində (neft və təbii qazın həm mənbəyi, həm də keçiş yolu kimi) oynamağa başladığı rol Cənubi Qafqazın Qərbin gündəliyindəki yerini möhkəmləndirmişdir. ABŞ və müttəfiqlərinin 11 Sentyabr hadisələrindən sonra Əfqanıstandakı hərbi mövcudiyyəti Qərb üçün; İranın digər istiqamətlərdən maksimum təcridə məruz qalması isə İran və Rusiya üçün Cənubi Qafqazın qeyri-enerji sahəsindəki tranzit əhəmiyyətini artırmışdır. Bu siyahıya şərti olaraq “Ərəb baharı” kimi də adlandırılan prosesin yayıla biləcəyi coğrafiya ilə bağlı müxtəlif proqnozları, Suriyadakı prosesləri və İran ilə bağlı ssenariləri də əlavə etmək olar. Bütün bunlar isə önümüzdəki mərhələdə region uğrunda mübarizənin daha da dərinləşəcəyini göstərir. Ola bilsin ki, bu mübarizə özünü 2003-cü ildə Gürcüstanda baş vermiş “rəngli inqilab”, ya da 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstan ərazilərini ələ keçirməsində olduğu kimi ani hərəkətlər şəklində göstərməyəcək. Amma mübarizənin dərinlik və genişlik (çoxşaxəlilik) qazanaraq davam etməsi qaçınılmazdır.

Populyar xəbərlər