AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Xamenei-Əhmədinejad qarşıdurması güclənir: hədəfdə istefa var?
27.04.2011, Afrika

 

İranın Təhlükəsizlik və İnformasiya Naziri Heydər Moslehinin istefası xəbəri ətrafında yaranmış qalmaqal davam edir. Aprelin 23-də İranın Ali Dini Lideri Ayətullah Seyyid Əli Xamenei İranın Fars əyalətindən gələn bir qrup şəxsi qəbul edərkən maraqlı fikirlər səsləndirib. O bildirib ki, bəzi media orqanları “İran İslam Respublikasında parçalanma və ikili hakimiyyət meydana gəldiyini və prezidentin Rəhbərin sözünü dinləmədiyini yazırlar”. Xamenei çıxışında öncə hakimiyyət daxilində hansısa narazılığın olmadığını iddia etsə də, daha sonra birbaşa prezident Əhmədinejadı hədəf alıb: “Rəhbərlik mövqeyi hər hansı bir məsələdə qəflətə düşüldüyünü hiss etmədikdə hökümətin işlərinə müdaxilə etmir. Çox əhəmiyyət daşımayan son hadisədə isə böyük bir məsləhət qarşısında qəflətə düşüldüyü hiss olunmuşdur.”
 
Əslində Ayətullah Xamenei İranda sistemin normal işlədiyini izah edərkən Əhmədinejada “yerini də göstərməyə çalışıb.” Onu “qəflətə düşəcəyi hallarda” müdaxilə edəcəyini açıq şəkildə bəyan edib. Bilindiyi kimi prezident və parlament arasında qarşıdurmadan uzun müddətdir ki, danışılır. Bu qarşıdurmanın əslində Ali Dini Rəhbər ilə prezident arasındakı problemlərdən qaynaqlandığı da bildirilir. Görünür indi mübarizə açıq müstəviyə keçir. Maraqlıdır ki, Əhmədinejad artıq 6 gündür ki işə çıxmır. İran hökumətinin Xameneinin də iştirak etdiyi son iclasında Əhmədinejad iştirak etməyib.  İclası vitse-prezident Məhəmməd Rza Rahimi aparıb. İclasda bir neçə gün əvvəl Əhmədinejadın işdən çıxartmağa çalışdığı, lakin Xameneinin müdaxiləsi ilə vəzifəsində qalan İranın Təhlükəsizlik və İnformasiya Naziri Heydər Moslehi də iştirak edib. Bu gün isə mövcud 8-ci parlamentdə Qum şəhərini təmsil edən millət vəkili Əli Benayi bildirib ki, Əhmədinejadın bu gün üçün nəzərdə tutulan Qum səfəri də ləğv olunub. Səfərin ləğv olunma səbəbi isə açıqlanmayıb.
 
Bəzi mətbuat orqanları isə Əhmədinejadın istefa verməyə hazırlaşdığını iddia edirlər. Yaxın Şərqə ictimai-siyasi proseslərin bu qədər fəallaşdığı bir mərhələdə İranda yeni prezident seçkisinin rejim üçün hansı risklər daşıdığı aydındır. Onsuz da nəzarət altına alına bilməyən hərəkat dalğası daha da güclənsə bu “hər şeyin sonu” ola bilər. Bu nəticə isə Xamenei və Əhmədinejad üçün yaxşı nə isə vəd etmir. Ona görə də Əhmədinejadın hakimiyyəti tərk etmə ehtimalı zəifdir. Ancaq eyni zamanda ehtimal olunur ki, Ali Dini Rəhbərin prezidentin vəzifələrinə artıq israrla müdaxilə etməsi ikincini ciddi narahat edib. Bu səbəbdən də o da Ali Dini Rəhbərə rest çəkir və “yerini göstərməyə çalışır”.
Populyar xəbərlər