Kosovo Müstəqilliyini Elan Etdi: Bəs Sonra?
Türküstan qəzeti, 24 fevral 2008-ci il
QAFSAM
Kosovonun müstəqilliyini elan etməsi dünya gündəminə yeni mövzunun gəlməsinə və bir müddətdir sakitləşmiş beynəlxalq səviyyəli müzakirələrin qızğınlaşmasına səbəb oldu. Əslində Kosovo parlamentinin qərarı heç kim üçün sürpriz olmadı. Demək olar ki, bütün qüvvələr bunu təxmin edir və sadəcə olaraq Kosova parlamentinin qərarından sonra atacaqları addımın nə olacağını götür-qoy edirdilər. Və nəhayət gözlənilən an gləb çatdı. 17 fevral 2008-ci il tarixdə Kosovo parlamenti müstəqillik qərarı aldı. Qərara reaksiyalar da çox gecikmədi. Bəs bu mərhələyə necə gəlindi?
Tarix
Bölgədə bu gün də davam edən problemin köklərindən biri onun tarixi ilə bağlıdır. Kosovo tarix boyunca, Roma imperatorluğu və Osmanlı dövləti də daxil olmaqla Avropada hakim olan məxtəlif imperatorluqların nəzarəti altında olmuşdur. 1389-cu ildəki Birinci Kosovo müharibəsindən sonra Osmanlının nəzarəti altına girən bölgə buna qədər əsasən Serblərin və Albanların məskunlaşdığı yer kimi tanınırdı. Bölgədə nəzarətini təmin etmək Osmanlı üçün asan olmadı və Serblər daim Kosovonu əldə etmək üçün cəhdlər göstərdilər. 1448-ci ildə Türklər yenə Kosovo ovalığında bu dəfə daha geniş müttəfiqlər ordusuna qalib gəldi və bölgədəki varlığını gücləndirdi. Serblərin və dəstəkçilərinin cəhdləri xüsusilə 1878-ci ildəki Rusiya-Osmanlı müharibəsindən sonra artdı və Birinci Balkan Müharibəsində-1912-ci ildə Serbiyanın Kosovonu Osmanlıdan almasıyla nəticələndi. 22 mart 1913-cü il London toplantısı və 1919-1920 tarixdəki Versal konfransı ilə Kosovonun Serbiya ərazisi olması beynəlxalq aləm tərəfindən də təsdiqləndi. İkinci Dünya Müharibəsindən sonra Tito Yugoslaviyası qurularkən Kosovo, Serbiya daxilində xüsusi statuslu vilayət kimi yer aldı. Ancaq Osmanlının nəzarətindən çıxdıqdan sonra bölgədə Albanlar ilə Serblər arasında gərginliklər yaşanmaya başlamış, bu gərginliklər İkinci Dünya Müharibəsi illərində də davam etmişdi.
Yuqoslaviya Konstitusiyasında və daha sonra Kosovo Konstitusiyasında 1974-cü ildəki dəyişikliklər Kosovonun muxtariyyət statusunu xeyli gücləndirdi. 1989-cu ildə Slobodan Miloseviç hakimiyyəti, Kosovonun geniş muxtariyyət statusunu ləğv etdi. Bu addım əslində uzun müddətdir davam edən gərginliyin qanunvericilik sahəsindəki addımlarla davamı demək idi. Kosovo Albanları 1990-cı ildə Yuqoslaviyada keçirilən ilk çoxpartoyalı seçkiləri boykot etdilər və Kosovo Respublikasını elan etdilər. Bu müstəqillik təşəbbüsü, 1991-ci ildə keçirilən referendumla da təsdiqləndi. 1992-ci ildə isə beynəlxalq aləm tərəfindən qəbul edilməyən “parlament” və “prezident” seçildi. Kosovo üçün qardaş Albaniya və Serbiya ilə gergin mönasibətlərə sahib olan Bosniya-Hersoqoviniya, Xorvatiya, Sloveniya kimi ölkələr Kosovonun müstəqillik təşəbbüsünə dəstək verirdilər.
1993-cü ildə Kosova Azadlıq Ordusunun (KAO) quruldu. Bu dövrlərdə gizlicə silahlanmış (Albaniyadan xüsusi tunellə bölgəyə silahlar gəirilirdi) KAO-nun, bölgənin müstəqilliyinin hərbi təminatı rolunda çıxış etmə təşəbbüsünə Serblərin sərt cavabı gecikmədi. KAO polis məntəqələrinə hücumlar təşkil edir, Serb rəsmiləri buna sərt cavablar verirdilər. 1998-ci ildə ATƏT-in daimi missiyası bölgədə fəaliyyətə başladı. Ancaq bu təşəbbüs də gərginliyin artmasının və soyqırım səviyyəsinə çatan qətliamların qarşısını ala bilmədi. Serb ordusunun və qeyri rəsmi qruplaşmaların Kosovo Albanlarına qarşı keçirdikləri aksiyaların ən dəhşətlisi, 15 yanvar 1999-cu il tarixdə bir qrup sadə Albanın vəhşicəsinə qət edilməsi oldu. Bu hadisə sonralar Keçmiş Yuqoslaviya Müharibə Günahkarları Məhkəməsinin qərarı ilə soyqırım kimi qiymətləndiriləndirildi.
Problemin həlli istiqamətindəki səylərin vacib mərhələlərindən biri olan 5 fevral 1999-cu il tarixli Rambuye danışıqlarının nəticəsiz qalması və Serb ordusunun beynəlxalq aləmin çağrışlarına məhəl qoymayaraq Kosovada apardığı əməliyyatlar, BMT-nin 1244 Salı qərarına səbəb oldu. Bu qərardan sonra NATO Serbiyaya qarşı, beynəlxalq hüquq və hətta öz əsasnaməsi cəhətdən mübahisəli olan 24 Mart 1999-cu il tarixli hərbi əməliyyatına başladı. Serbiyanın 78 gün bombalanmasından sonra Serb ordusu Kosovodan çıxdı, tərəflər arasında müqavilə imzalandı, 1999-cu ilin iyunun 10-da isə NATO qüvvələri və Rus ordusu Kosovoya girdi. Bölgənin idarəedilməsi BMT-yə verildi.
Mahiyyət və danışıqlar prosesi
Çox qısaca ifadə etməli olsaq, Kosovo münaqişəsinin təməlində bu bölgə üzərindəki Serb-Alban münaqişəsi yatır. Tarixən Serb-Alban münasibətlərində hər zaman nifrət, şübhə və soyuq münasibətlər hakim olmuşdur. Nifrətin qədəri siyasətçilər tərəfindən və ideologiyalar vasitəsiylə sistemli bir şəkildə böyüdülmüşdür. Bu səbəbdən də Kosovo tarix boyunca daima təzyiqlərə, zorakılığa, üsyanlara və köçlərə səhnə olmuş və 1999-cu ildə zorakılıq ən yüksək həddə çatmışdır. Serb-Alban münasibətlərinin nisbətən daha sakit olduğu dövrlərdə belə iki etnik qrup heç vaxt bir yerdə yaşamamışdır. Hər iki etnik qrup, yüzlərlə il eyni torpaqlarda yaşamasına baxmayaraq dil, din və ümumiyyətlə mədəniyyət fərqləri səbəbiylə fərqli dünyaların xalqları olmuşlar.
1999-cu ildən başlayaraq BMT-nin müvəqqəti missiyası UNMIK-in (United Nations Interim Administration Mission in Kosovo) rəhbərliyi altında olan Kosovonun statusu, 20 Fevral 2006 tarixində müzakirələrə açılmışdır. Serbiya ilə Kosovo arasinda Vyanada baş tutmuş 19 danışıq mərhələsinin ardınca, BMT-nin Kosovo üzrə xüsusi nümayəndəsi Marti Ahtisaari Kosovonun statusu ilə bağlı hazırladığı iki hissəli hesabatı 14 Mart 2007 tarixində BMT Baş Katibinə təqdim etmişdir. Kosovo üçün Beynəlxalq İctimaiyyət tərəfindən nəzarətdə saxlanılacaq müstəqil bir dövlət yaradılmasını təklif edən hesabat ABŞ, AB və NATO tərəfindən dəstəklənməktədir. Hesabatın açıqlanmasından sonra bu hesabata əsasən BMT Təhlükəsizlik Şurasına təqdim edilmək üçün bir qətnamə layihəsi hazırlanmağa başlanmışdır. Layihə bir neçə dəfə incələnmiş, lakin hər dəfə Kosovaya müstəqillik yolunu açdığı üçün Rusiyanın etirazına səbəb olmuşdur. Bunun ardınca Fransa, İtaliya, Rusiya, İngiltərə, ABŞ və Almaniyadan ibarət (Təmas Qrupu) Serbiya ilə Kosovo arasındakı müzakirələrin AB, ABŞ və Rusiya nümayəndələrindən ibarət “Üçlüyün” vasitəçiliyi ilə davam etdirilməsinə qərar vermişdir. Danışıqların yeni mərhələsi 10 avqust 2007 tarixində başlamış və 10 dekabr 2007 tarixində başa çatdırılmışdır. Üçlük, bu son 120 günlük danışıqlar haqqında bir hesabat hazırlayıb BMT-nin Baş Katibi Ban Ki Moon vasitəsiylə BMT Təhlükəsizlik Şurasına təqdim etmişdir. KİV-də yer alan məlumatlara görə bu hesabatda Kosovonun statusu ilə bağlı Kosovo və Serbiya arasında razılığın əldə olunmadığı, lakin danışıqların faydalı olduğu və tərəflərin özləri üçün məqbul gördükləri həll variantlarını açıqladıqları bildirilmişdir.
Serbiyanın Kosovonu əlində saxlamaq təşəbbüsündəki uğursuzluqlar
Kosovonu öz ərazisinin bir hissəsi olaraq saxlaması üçün Serbiyanin siyasi, psixoloji və tarixi səbəbləri var. Lakin danışıqlar vaxtı Serbiyanin bəzi səhvlərə yol verdiyi qeyd edilməlidir. Serbiyanın əsas səhvlərindən biri danışıqların başlanğıcında Kosovo üçün təqdim etdiyi statusun məzmununu deyil, adını ön plana çıxarmasıdır. Müstəqil bir dövlətə xas olan qurumların və digər səlahiyyətlərin 90%-ni təklif etməsinə baxmayaraq Serbiya uzun müddət “Kosovoya muxtariyyətdən artıq və müstəqillikdən az olanı verməyə hazırıq” fikrini bəyan etmişdir. Serbiya Kosovonun gələcək statusunun adı üzərində yox, təqdim etdiyi planın məzmunu üzərində daha çox dursa idi, ən azı AB ölkələri üzərində təsirli olardı.
Serbiya danışıqların daha sonrakı mərhələsində İtaliyanın Cənubi Tirol bölgəsini, İspaniyanin muxtar Kataloniya və Bask bölgələrini, Hong-Kong, və İsveçin Cənub-Qərb sahillərində yerləşən Aland adalarının statusunu Kosovonun statusuna model olaraq təklif etmişdir. Lakin hər təklifdən sonra Kosovo nümayəndələrindən alınan cavab “Biz yalnız statusun müəyyənləşməsindən sonra iki müstəqil dövlətin münasibətlərini müzakirə etməyə hazırıq“ şəklində olmuşdur. Serbiya bu cavablara baxmayaraq eyni tipdə yeni modeller təklif etməyə davam etmişdir. Serbiya bu mövqe ilə dünyaya özlərinin konstruktiv mövqe nümayiş etdirdiklərini, Kosovolu Albanların isə danışıqlara ciddi yanaşmadığını göstərmək niyyətində idi.
Serbiya model kimi təqdim etdiyi və “Əsaslı bir muxtariyyət” adlandırdığı modellərin hamısında xarici siyasət, təhlükəsizlik və gömrük yoxlamaları kimi hüquqların Serbiyada olması ve Kosovonun silahsızlandırılmasını istəmişdi. İşin ən pis tərəfi o idi ki, Kosovo 1974-cü ildən sonra artıq buna oxşar bir muxtariyyətə malik idi və keçmiş serb lideri Slobodan Miloşeviç 1989-cu ildə bu muxtariyyəti ləğv etmişdi. Bu hadisə və 1998-1999-cu illərdəki münaqişələr zamanı baş verənlər Albanların Serblərlə birlikdə yaşamaq arzularını tamamilə yox etmişdi. Danışıqlar boyunca Serbiyanın Kosovonun statusu ilə bağlı təkliflərinin Albanlar üzərində təsirli olmamasının səbəblərindən biri də budur. Bir digər vacib səbəb isə, Vaşinqtonun Albanlara əvvəlcədən müstəqillik vədi verməsi və bunun danışıqlar vaxtı Albanlara rahatlıq verməsidir.
Danışıqlar zamanı konstruktiv mövqe nümayiş etdirdiyini düşünən Serbiya hökuməti, Qərb dövlətlərinin danışıqlara ciddi yanaşmayan Kosovo heyəti üzərində təzyiqlərini artırmaq niyyətində olmadığını gördükdə, daha radikal bir mövqe nümayiş etdirməyə başlamışdır. Belə ki, Serbiya hökuməti müstəqil Kosovonun bütün regionu və dünyadakı digər problemli bölgələri qarışdıra biləcəyi fikrini kənara qoyaraq; Kosovonun müstəqil olacağı təqdirdə Belqradın da Bosniya və Hersoqovinanın ərazisinin 49%-na bərabər və Bosniyalı Serblərin nəzarətində olan Serb Respublikasının müstəqilliyini dəstəkləməsinin mümkün olduğunu bildirən ismarıclar verməyə başlamışdır. Bundan başqa, danışıqlar prosesi vaxtı, Kosovonun müstəqilliyini elan etdiyi təqdirdə Belqradın zor tətbiq edə biləcəyi ismarıcları da səslənməyə başlanmışdır.
Müstəqilliyin elanı və reaksiyalar
Yuxarıda da qeyd olundğu kimi, 208-ci il fevralın 17-də Kosovo parlamenti Bakı vaxtı ilə 18.00-da 109 millət vəkilinin iştirakı ilə (Serb əsilli millət vəkilləri iclasda iştirak etmədilər) toplanaraq müstəqillik qərarı verdi. İclasda Kosovonın “baş naziri və prezidenti” çıxış edərək, Kosovonun “bütün vətəndaşların bərabər hüquq və azadlıqlara sahib olduğu demokratik dövlət” olacağını, Avropa Birliyi və Avroatlantik məkana inteqrasiya yolunda addımlara davam edəcəyini bəyan etmişlər. Liderlər çıxışlarında Kosovonu çətin günlərin gözlədiyini bildiklərini, ancaq müstəqillik qərarlarının qəti olduğunu xüsusi vurğulamışlar. Daha sonra müstəqillik bəyannaməsi imzalanmış və yeni müstəqil dövlətin bayrağı parlamentdə tanıdılmışdır.
Kosovo müstəqilliyini elan etdikdən sonra fevralın 18-də Serbiyanın, fevralın 19-da isə Rusiya və Serbiyanın tələbi ilə BMT Təhkükəsizlik Şurasının iclası keçirilmişdir. Təxminən iki saat yarım çəkən müzakirələrdən sonra Təhkükəsizlik Şurasının Sədri, Panamanın BMT-dəki daimi nümanyəndəsi Rikardo Alberto Arias, ortaq məxrəcə gələ bilmədikləri üçün rəsmi bəyanat və ya qərar qəbul etmədiklərini açıqlamışdır. İclasda Serbiya prezidenti Boris Tadiç iki dəfə çıxış etmiş, digər dövlətlərin də oxşar hadisərələ məruz qala biləcəklərini bəyan edərək, btütn dövlətləri Serbiyanın ərazi bütövlüyü məsələsinə həssas yanaşmağa dəvət etmişdir. Tadiç, Kosovonun müstəqilliyini heç vaxt tanımayacaqlarını və ərazi bütövlüklərini təmin etmək üçün bütün dinc vasitələrdən istifadə edəcəklərini vurğulamışdır.
BMT-nin Baş Katibi Ban Ki Moon Kosovodakı işlərinin davan etdiyini deyərək, tərəfləri zorakılıqllardan çıkinməyə çağırmışdır. İclasda İngiltərənən BMT-dəki daimi nümayəndəsi, Kosovonun müstəqilliyini dəstəkləyici, Rusiya və Çinin BMT-dəki daimi nümayəndələri isə tənqid edici mahəyyətdə çıxış etmişdir.
Kosovonun müstəqilliyini ilk tanıyan dövlət ABŞ olmuşdur. ABŞ Xarici İşlər Naziri Kondaliza Rays yazılı bəyanatında Kosovonun həm başqa hər hansı bir yol qalmadığı üçün məcburiyyətdən, həm də tarixi və digər zərurətlərdən doğan müstəqilliyini tanıdıqlarını, bu prosesin başqa hər hansı bir proses üçün əmsal təşkil etmədiyinə inandıqlarını açıqladı. Kosovoda 1999-cu ildən bəri “Bondsteel” adlı hərbi bazaya da sahib olan və Kosovo barəsindəki mövqeyini 1992-1995-ci illərdə baş vermiş Bosniya müharibəsi dövründə müəyyənləşdirərək Kosovonun müstəqilliyi üçün çalışan ABŞ-ın qərarı heç kim üçün gözlənilməz olmamışdır.
Rusiya Kosovonun müstəqilliyinə Serbiya ilə bərabər ən sərt müxalifəti etmiş, hətta Serbiya sadəcə dinc yollardan mübarizə aparacağını açıqladığı halda Rusiyanın NATO-dakı nümayəndəsi Roqozin “hərbi gücdən istifadənin istisna olmadığını” bəyan etmişdir.
Kosovanın müstəqilliyi ilə bağlı bəlkə də ən çox maraqla gözlənən nəticə AB üzvü ölkələrin bu məsələ ilə bağlı möqelərinin necə olacağı idi. Çünkü AB bütünləşmə prosesində “ortaq xarici siyasət” formalaşdırılmasını ən vacib hədəflərdən biri kimi seçib. Ancaq AB üzvü ölkələr uzun müzakirələrdən sonra Kosovonun müstəqilliyi ilə bağlı olaraq dövlətlərin fərdi qaydada qərar verməsi yolunu seçdilər ki, bununla bir yandan AB daxilində Kosovo ilə bağlı ortaya çıxa biləcək narazılıqlardan xilas oldular, digər yandan isə “ortaq xarici siyasətin formalaşdırılması” hədəfinə doğru gedən yolda geri addım atmış oldular.
“Qardaş dövlət” Albaniya, İngiltərə, Türkiyə, Fransa, Əfqanıstan, Almaniya, Avstrya və digər bəzi dövlətlər artəq Kosovonun müstəqilliyini tanıdıqılarını rəsmi şəkildə bəyan etmişlər. İlk tanıma məktubunu rəsmi təmsilçisi vasitəsiylə verən isə Türkiyə oldu və Serbiya buna görə Türkiyəyə nota verdi. Serbiya eyni zamanda Kosovonun müstəqilliyini tanıyan ölkələrdən səfirlərini geri çağırdı.
İspaniya, Yunanıstan, Kipri rəsmi şəkildə təmsil edən Yunan tərəfi, Rumıniya, Moldova, Azərbaycan, Çin və digər bəzi dövlətlər Kosovonun müstəqilliyini tanımayacaqlarını açıqladılar. Bir çox dövlət isə hələ də gözləmə mövqeyi tutmağa üstünlük verir.
Kosovoya maddi dəstək mesajları da gəlməyə başladı. AB Kosovoya 1 milyard Avro dəstək verəcəyini, ABŞ da Kosovoya maddi köməklik göstərəcəyini aşıqladı. Bu dövlətin ümumi dəstəyinində AB-nin dəstəyinə yaxın olacağı təxmin edilir.
Kosovonun müstəqillik qərarı və onun tanınmasıyla əlaqədar olaraq, Serbiyada Qaradağda, Kosovonun Serblər yaşayan hissələrində etəraz tədbirləri keçirildi. Serbiyadakı etiraz tədbirlərində Kosovanı tanıyan ABŞ və digər dövlətlərin səfirlikləri hədəf seçildi, hətta ABŞ səfirliyi yandırıldı. Avropa ölkələri və ABŞ bu kimi halları qınadı, ancaq Rusiya və Serbiya rəsmiləri, etirazlarən bu həddə çatmasının günahkarının elə Qərb dövlətlərinin özləri olduğunu açıqladılar.
Qafqaz dövlətlərinin reaksiyaları
Kosovonun müstəqilliyini tanımaq məsələsində Cənubi Qafqaz dövlətlərinin “həmrəyliyi” gözlənilən idi. Əraziləri Ermənistan tərəfindən işğal edilmiş olan və bölücülük təhlükəsi yaşayan Azərbaycanın, bənzər probləmlərlə qarşı-qarşıya qalan Gürcüstanın və “Rusiyanın strateji müttəfiqi” Ermənistanın Kosovonun müstəqilliyini tanımayacağı əvvəlcədən bilinsə də, yenə də onların mövqelərini konkret olaraq necə ortaya qoyacaqları maraqlı idi. Məsələ burasındadır ki, həm Gürcüstandan ayrılmaq istəyən Abxaziya və Osetiya, həm də Ermənistanın işğalı altındakı Azərbaycan ərazilərində formalaşdırılmağa çalışılan “qurum” Kosovonun müstəqilliyinin onlar üçün də nümunə olacağını iddia edirlər. Bu isə Azərbaycanı və Gürcüstanı narahat edir. Ümumiyyətlə bu iki dövlət sərhədlərin dəyişməsinin yolverilməzliyini, ərazi bütövlüyü prinsipinə mütləq riayəti müdafiə edir. Bu sübübdün Gürcüstan ABŞ-ın Qafqazdakı ən yaxın müttəfiqi olmasına baxmayaraq sakit qalmağa üstünlük verir. Ermənistan isə, tərsinə bu gedişatdan məmnun olsa da, “böyük qardaşı” Rusiyanın mövqeyini nəzərə alaraq, Kosovonun müstəqilliyini tanımağa tələsmir.
Kosovonun müstəqillik elanından bir gün öncə, fevralin 16-da Azadlıq radiousunda (RFE/RL-də) məsələ ilə bağlı gedən müzakirədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim məsələnin mürəkkəbliyini nəzərə alaraq, Azərbaycanın qərar vermək üçün tələsməyəcəyini açıqladı. Ancaq fevralın 18-də xəbər agentlikləri fərqli bir məlumat yaydılar: Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim “Kosovo müvəqqəti özünüidarəetmə orqanının Serbiyadan ayrılmaq haqqında bəyanatı beynəlxalq hüquq normalarına zidd və qeyri-qanuni” olduğunu açıqlamışdı. Bu mövqe müəyyən düzgün nüanslar daşımaqla bərabər, əslində Azərbaycan üçün bu mövzuya xoş baxmayan gözləmə mövqeyi daha doğru ola bilərdi.
Əvvəla, həm Azərbaycan, həm Gürcüstan, həm Kosovonun müstəqilliyini dəstəkləyən ölkələr, həm də beynəlxalq təşkilatlar Kosovonun müstəqilliyinin digər problemlər üçün nümunə ola bilməyəcəyini dəfələrlə vurğulayıblar. Hətta Ermənistan belə buna oxşar mövqe ortaya qoymuşdur. Ermənistanın artıq prezident seçkilərində qalib gelmiş baş naziri Serj Sarkisyan da fevralın 18-də Röyters agentliyinin yayınladığı müsahibəsində, “Kosovo və Qarabağ məsələlərinin fərqli olduğunu” açıqlamışdı. Kosovonun müstəqillik qərarının Abxaziya, Cənubi Osetiya, hətta Şimali Kipr Türk Respublikası (Rusiyanın Kipr problemi ilə əlaqərdar siyasəti nəzərə alındəqda bu xüsusi ilə maraqlı olmuşdur) üçün belə nümunə təşkil edə biləcəyini deyən Rus rəsmilər, işğal altındakı Azərbaycan ərazilərini bu siyahıya daxil etməmişlər.
ABŞ, əksər Qərb dövlətləri, Azərbaycanl həqiqi strateji müttəfiqlik münasibətinə sahib olan Türkiyə Kosovonun müstəqilliyini tanımış və tam dəstəkləmişdilər. Belə bir vəziyyətdə, Azərbaycanın, Kosovonun müstəqilliyini beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirməyib, daha sakit etraz formasını seçməsi daha məqsədəuyğun olardı.
Azərbaycan üçün təhlükəli olan dünyada yeni müstəqil dövlətlərin yaranması deyil, bölücülüyün ənənəvi hal alması və digər dövlətlər üçün nümunə təşkil etməsidir (ikisinin arasında çox incə cizgi var). Belə bir praktikanın meydana gəlməsi prosesində isə daha çox böyük dövlətlərin mövqeləri həll edici rol oynayır.
Azərbaycan o halda indiki kimi sərt reaksiya ortaya qoya bilərdi ki, Azərbaycanın birmənalı müttəfiqlərindən hansınınsa ərazi bütövlüyü təhlükədə olsun, ya da Azərbaycan üşün potensial təhlükə yarada biləcək dövlət ortaya çıxsın. Kosovonun isə Azərbaycan üçün müttəfiqlik potensialı daha yüksəkdir, nəinki təhlükə olmaq.