Skip to: site menu | section menu | main content



HAQQIMIZDA

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi – QAFSAM, 13 dekabr 2006-ci il tarixdə Araz Aslanlı, Nazim Cəfərov və Rizvan Qənbərov tərəfindən təsis edilmişdir. Məqsədlərimiz qısaca, Azərbaycanda xarici siyasətin, təhlükəsizlik siyasətinin tədqiqinin daha yüksək səviyyədə araşdırılması istiqamətində səylərin gücləndirilməsinə, demokratiya və insan hüquqlarının inkişafı prosesinə, media sahəsində müasir səviyyəyə çatılması üçün addımların atılmasına öz töfhəmizi vermək olmuşdur.

Ədliyyə Nazirliyinin təşkilatın adının dəyişdirilməsi ilə bağlı təkidləri səbəbindən qeydiyyat prosesi sadəcə 2009-cu ilin aprel ayında başa çatdırıla bilmişdir. Bunun üçün 22 sentyabr 2008-ci il tarixdə yenidən təsis yığıncağı keçirilmiş və Ədliyyə Nazirliyinə müraciət edilmişdir. 2009-cu il aprelin 8-də QAFSAM-ın qeydə alınması ilə bağlı sənəd tərəfimizə təqdim edilmişdir.

QAFSAM-ın məqsədlərindən biri də ictimai sahələr üzrə tədqiqatçılıq alışqanlığının artırılması və xarici siyasətin müxtəlif istiqamətləri üzrə tədqiqatlar aparılaraq ictimaiyyətlə paylaşılmasıdır.

Azərbaycanın xüsusilə Qərbdə təhsil almış gənclərinin də cəlb edilməsi ilə məqsədlərimiz istiqamətində əhəmiyyətli işlər görüləcəyinə inanmışıq. İlk işimiz Azərbaycan xarici siyasətinin müxtəlif istiqamətləri və dünyanın müxtəlif regionlarında baş verən proseslər barəsində qısa raportlar hazırlamaq olmuşdur. Bu raportlar, Azərbaycan Xarici İşlər Nazirliyinə, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə, digər əlaqədar dövlət orqanlarına, rəsmi olmayan müəyyən qurumlara və bəzi şəxslərə elektron poçt vasitəsiylə göndərilmişdir. Həm illik (2006-cı ilə dair), həm də aylıq raportlar hazırlanmışdır.

İkinci iş kimi QAFSAM üçün web-site hazırlanmışdır. QAFSAM tərəfindən hazırlanmış olan materiallar bu web-site-a (www.qafsam.org)  yerləşdirilmişdir.

Konkret mövzularla əlaqədar medianın istəyi ilə onlar üçün xüsusi material hazırlanmış, ya da öz istəyimizlə material hazırlayaraq KİV-ə təqdim etmişik. Bu materiallar təqdim olunan KİV-də geniş işıqlandırılmışdır. Yerli və xarici televiziya və radio kanallarında QAFSAM əməkdaşlarının açıqlamaları, müsahibələri yayınlanıb.

2007 yayından etibarən QAFSAM Azərbaycanlı gəncləri xarici siyasət və təhlükəsizlik siyasəti sahəsində tədqiqatçılığa təşviq etmək və bu sahədəki müəyən əsərləri oxuyuculara təqdim etmək məqsədi ilə “Beynəlxalq İcmal” adlı e-jurnal təsis etmişdir. İlk iki sayısı uğurla dərc olunan bu jurnalın 3-cü sayısı bəzi maddi və texniki səbəblərdən yayınlanmamışdır. 3 Qafqaz bölgəsi və bölgəyə qonşu 3 ölkəni (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) tədqiq edən web-site qurulmuşdur.

QAFSAM daxilində Strateji Araşdırmalar Mərkəzi (SAM), Media Araşdırmaları Mərkəzi (MAM), Demokratiyanın İnkişafı və İnsan Hüquqları Araşdırmaları Mərkəzi (DİHAM) mövcuddur.